Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
Yerləşdirilmə tarixi : 27 Aprel 2026 12:38
Sumqayıt Dövlət Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
Aprelin 24-də Sumqayıt Dövlət Universitetində (SDU) Rumıniyanın Yassı şəhərində fəaliyyət göstərən Petre Andrei Universitetinin nümayəndə heyəti ilə rəsmi görüş keçirilib. Görüş universitetlərarası əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb. SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov qonaqları salamlayaraq Azərbaycan–Rumıniya münasibətlərinin dinamik inkişaf etdiyini və bu əlaqələrin ali təhsil müstəvisində də uğurla davam etdiyini bildirib. Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinin son illərdə əldə etdiyi nailiyyətlərdən bəhs edib, universitetin müasir tədris infrastrukturu, beynəlxalq reytinqlərdə irəliləyişi, elmi-tədqiqat potensialı və qlobal akademik məkana inteqrasiya istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verib. O, SDU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinin universitetin strateji inkişaf prioritetlərindən biri olduğunu vurğulayıb.
Petre Andrei Universitetinin rektoru Sorin Bokança göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin akademik fəaliyyəti, beynəlxalq layihələrdə iştirakı və Avropa təhsil məkanındakı mövqeyi barədə məlumat verib. O, SDU ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib. Görüşdə Rumıniyanın nüfuzlu “Polis” jurnalının icraçı direktoru Sabin Draqulin çıxış edərək nəşrin ölkənin ilk elmi-siyasi jurnallarından biri olduğunu qeyd edib. O, jurnalın Azərbaycana həsr olunmuş xüsusi buraxılışını SDU rəhbərliyinə təqdim edərək iki ölkə arasında akademik və ictimai-intellektual əlaqələrin inkişafına töhfə vermək niyyətlərini ifadə edib. Səmimi və konstruktiv müzakirələr şəraitində keçən görüşdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik heyət və tələbə mübadiləsi proqramlarının təşviqi, eləcə də beynəlxalq konfrans və simpoziumların birgə təşkili istiqamətində ilkin razılıq əldə olunub. Görüşdə Azərbaycanın Rumıniyadakı səfirliyinin birinci katibi İlqar Fərəcov və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Zülfiyyə Şəfiyeva da iştirak ediblər. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az