Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır”
“Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır”

Mayın 26-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, “Hərbi Mövzular üzrə  İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi və “Bütöv Azərbaycan” qəzetinin dəstəyi ilə “Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” layihəsi çərçivəsində  konfrans keçirildi.
Konfransı giriş sözü ilə SDU-nun Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov açaraq tədbirin məqsəd və məramı barədə məlumat verdi.  Bildirdi ki, Azərbaycan uzun illərdi ki, müharibə şəraitində yaşayır. Milli təhlükəsizliyin və ordu quruculuğunun reallaşmasında dövlətin informasiya təhlükəsizliyi vacib şərtdir. Bu baxımdan mediada və sosial şəbəkələrdə ordu ilə bağlı  dezinformasiyaların yayılmasına diqqətli olmaq hər birimizin borcudur. Ordu ilə bağlı informasiyaların yayılması daha həssas məqamdır. Müasir gəncliyin dövlətçilik ruhunda böyüməsi və dövlət təhlükəsizliyinin həssas məqamları ilə bağlı bilgili olmaları ciddi şərtdir. Belə tədbirlərin keçirilməsi olduqca gərəklidir.
Hərbi Jurnalistlər Birliyinin sədri-layihə rəhbəri, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu bildirib ki, sözügedən layihəni həyata keçirməkdə başlıca məqsəd tələbələrin və sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməkdir. Azərbaycan Konstitusiyası hər kəsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verib.
Ulu öndərin göstərişi ilə 1998-ci ildə senzura ləğv edilib. Bu gün 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. “Az” domenində 20 min internet saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır. Düşmən kəşfiyyatı mətbuatı izləməklə özünə lazım olan informasiyalar asanlıqla əldə edə bilir. Hal-hazırda virtual informasiya məkanının genişlənməsi, milli informasiya mühitinin pozulması beynəlxalq və yerli ictimai rəyin idarə olunmasına, siyasi proseslərin yönləndirilməsinə cəhd edənlərə münbit şərait yaradır. Məqsədimiz jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onlara ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhədə insidentlər haqqında təhrif olunmuş, yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir. Bu səbəbdən də Siz gənclər  informasiya cəbhəsində ayıq-sayıq olaraq, fəal mübarizə aparın!
Konfransda hərbi politoloqRamil Məmmədli, yazıçı-publisist Miraslan Bəkirli,  SDU-nun Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev dövlətimizin müstəqilliyinin bərpasından sonra dezinformasiyaların cəmiyyətdə yaratdığı çaşqınlıq və törətdiyi ciddi fəsadlar barədə fikirlərini bölüşdülər.
Sonda  iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə hazırlanmış yaddaş bukletləri paylandı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az