Əsas səhifə | Xəbərlər | Əməkdaşlıq perspektivləri müzakirə olundu
Əməkdaşlıq perspektivləri müzakirə olundu

Əməkdaşlıq müqaviləsi təhsilin elmə, elmin təhsilə inteqrasiyasına təkan verəcək.
Elmin təhsilə, təhsilin elmə inteqrasiyası, ölkənin iqtisadi potensialının intellekt kapitalına çevrilməsinə təkan verən amillərdəndir.
Bu gün Sumqayıt Dövlət Universitetində rektor Elxan Hüseynov AMEA-nın Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, Kimya elmləri doktoru professor Bəxtiyar Məmmədovla görüşərək dəyirmi masa ətrafında elmin, təhsilin inkişafına dair birgə fikir mübadiləsi apardılar. AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) ilə SDU arasında təhsil-elm-istehsalat çərçivəsində elmi-təcrübi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edildi və hədəflər müəyyənləşdirildi. Rektor bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan mühüm məsələlərdən biri elmin maddi-texniki bazasının gücləndirməsidir. Bu məqsədlə də universitetimizdə bir çox layihələr gerçəkləşdirilir, əməkdaşlıq müqavilələri imzalanır, universitetlə PMİ-nin birgə Elm – Tədris Mərkəzinin yaradılması da gündəlikdə duran məsələlərdəndir. Tələbələr, magistrantlar və doktorantların həmin mərkəzdə elmi tədqiqat, yaradıcılıq işləri ilə məşğul olması, müəllimlərin ixtisas artırma kurslarının keçməsi, universitet və institut alimlərinin birgə qrant layihələrinin hazırlanması və icrası nəzərdə tutulur.Əsas məqsədimiz tələbələrin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır. 
Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən professor Bəxtiyar Məmmədov vurğuladı ki, imzalanacaq əməkdaşlıq müqaviləsi təhsilin elmə, elmin təhsilə inteqrasiyasına təkan verəcək, bacarıqlı və yüksək intellektə malik olan tələbələr nəzəri biliklərini PMİ-də təcrübədən keçirməklə uğurlara imza atacaqlar. İnanıram ki, əməkdaşlığımız təhsilin inkişafına töhfələr verəcək.
Görüşdə o da qeyd edildi ki, birgə qrant layihələrinin hazırlanması və icrası da müqavilədə nəzərdə tutulan əsas məsələlərdəndir. Qeyd edək ki, görüşün nəticəsi Elmi şuranın növbəti iclasında müzakirə edilərək, əməkdaşlıq müqaviləsi imzalanacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az