Əsas səhifə | Xəbərlər | Karyera Mərkəzi intellektual potensialın təbliğinə dəstək verir
Karyera Mərkəzi intellektual potensialın təbliğinə dəstək verir

Cəmiyyətin inkişafı, ölkənin tərəqqisi insan kapitalı ilə bilavasitə bağlıdır. İntellektual səviyyəsi ilə seçilən gənclərə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanımız kompleks şəklində inkişaf edir, tələbə və məzunlarımıza karyera qurmaq, uğurlar əldə etmək üçün dövlət dəstəyi alır. 
SDU-nun Karyera Mərkəzi rektor professor Elxan Hüseynovun  02.10.2015-ci il tarixli əmri ilə yaradılmışdır. Məqsəd universitetimizdə bakalavr və magistrantlara ixtisasyönümlü təlimlərin təşkil edilməsi, istehsalat və pedaqoji təcrübələrin təşkilində iştirak etmək, əmək və məzun yarmarkaları təşkil etməklə onları iş dünyasına hazırlamaqdan ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şöbəsi ilə 2015-ci ilin noyabr və  2016-cı ilin mayında təşkil edilən əmək yarmarkalarında Karyera Mərkəzi də yaxından iştirak etmişdir. Yarmarkada iştirak edən şirkətlər və müəssisələrlə aparılan səmərəli danışıqlar nəticəsində gələcəkdə SDU-da təşkil ediləcək Məzun yarmarkasında onların iştirakının təmin olunmasına razılıq əldə edilərək, həmçinin əmək yarmarkasında mərkəzin keçirdiyi sosioloji sorğu əsasında iş axtaranların istəkləri öyrənilib, təhlil edildi.
Əldə olunan nailiyyətlər, təşkil olunana tədbirlər sübut edir ki, Karyera Mərkəzi, tələbə və məzunlarımızın həyatında müstəsna əhəmiyyətə malikdir. 02 dekabr 2015-ci ildə “Karyerada ilk addım” adlı təlim IV kurs tələbələrinə və məzunlarına kömək məqsədi ilə təşkil olunmuşdur. Beləki, onlar  iş həyatına qədəm qoyarkən üzləşdikləri problemlər CV-lərin doldurulması və müsahibə mərhələsində məlumatsızlıqla bağlıdır. “Karyerada ilk addım, iş görüşməsi necə olmalı” mövzusunda seminar təlim məzunlara xeyli informasiya verdi. Ötən il dekabrın 5-də Karyera Mərkəzi olaraq SDU-da I kurs tələbələrinin ali məktəb həyatına adaptasiyası, onlarda təhsil almağa stimul və motivasiyanın yaradılması mövzusunda təlimi təlimçi psixoloq İradə Hüseynova apararaq tələbəni təlimatlandırdı. Dekabrın 18-də  SDU-nun böyük akt zalında NLP MMC-nin təsisçi və direktoru Babək Bayramovun “Universitetdən zənginliyə yol xəritəsi” adlı seminarı tələbərə pozitiv yanaşmağı, duyğu və hisslərini müsbət istiqamətlərə yönəltməyi, öz potensial və güclərinə inanmalarını, nələrə qadir olduqlarını bir daha düşünmələrini, vaxtlarını daha səmərəli istifadə etmələrinə kömək etdi. Bu il martın 5-də “Texnika Kapital Menecment” MMC-nin direktoru, iqtisadçı Cəfər İbrahimlinin “Qiymətli kağızlar bazarı, mövcud durum, gələcək perspektivlər” adlı seminar-təlimi qiymətli kağızlar bazarı üzrə qəbul edilən qanunvericilik aktlarından, qiymətli kağızların növlərindən bəhs etdi. Martın 10-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri “İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsi”nin müdiri Afaq Hüseyn və “İnsan resurslarının idarəedilməsi sektoru”nun baş məsləhətçisi Kamil Baxşəliyevin “Dövlət qulluğunun mahiyyəti və üstünlükləri, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsinin şərtləri” mövzusunda təlim-seminarı nəticəsində SDU-nun məzunu olan 55 tələbə dövlət qulluğu imtahanlarından uğurla keçərək hazırda müxtəlif dövlət strukturlarında işlə təmin olundu. Martın 15-də Biznes konsultant Fəxri Ağayevin  “Müvəffəqiyyət. Şərtlər vacibdirmi?” mövzusunda təlim seminarı karyera planlaşdırılması, motivasiya yönümlü fikirlər, biznesin inkişafı, satışların inkişaf etdirilməsi, strateji idarəetmə, krizis dövrünün idarə edilməsi, idarəetmə sisteminin qurulması, biznesin effektiv təşkil edilməsi istiqamətində tələbələrə dəyərli məsləhətlər verdi.
Sumqayıt Dövlət Universitetində istehsalat təcrübəsinin təşkili və keçirilməsi ilə əlaqədar yeni əlaqələrin qurulması məqsədilə bir sıra dövlət və özəl şirkətlərə məktublar göndərən Karyera Mərkəzi bu istiqamətdə də uğurlar qazanıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Azərsun Holdinq,  Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Paşa Holdinq, Gilan Tekstil Park MMC, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə əlaqələr qurulub. Mərkəz aprelin 24-də “Azərbaycan Respublikasının bank sistemi” mövzusunda təlim-seminarı təşkil etdi. Təlimin müəllifi “Əmrahbank” ASC-nin İnqilab filialının direktoru, “RSH Consultinq Company” şirkətinin təsisçisi Ramin Bayramov idi. O, öz təqdimatında bankın yaranma tarixi, Azərbaycan bank sisteminin yaranması və fəaliyyət istiqamətləri haqqında geniş çıxış etdi. 
SDU-nun Karyera Mərkəzi ilə Next Tuition Centre birlikdə 2-4 may tarixlərində “Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual oyun” keçirdilər. Nəticələrə əsasən 1-ci yer Tarix və coğrafiya fakültəsindən Genius, 2-ci yer İqtisadiyyat və idarəetmə fakültəsindən Avengers, 3-cü yeri Mühəndislik fakültəsindən Access komandaları tutdu. Qaliblərə tərəfdaş şirkətlərdən hədiyyələr təqdim olundu.
Mərkəz mayın 5-də Azərbaycan Kağız və karton İstehsalı Kombinatına tələbələrin gəzintisini təşkil etdi. Müəssisədə loqistika müdiri, Kamal Süer qarşıladı. Kombinatın sosial layihə çərçivəsində yaradıldığını qeyd edərək məqsədlərinin ekoloji cəhətdən təmiz şəhər və ətraf mühitin yaradılması olduğunu bildirdi. 
İyunun 25-də  Bakcell Arenada İB CLUB və Neftçi PFK-nın təşkilatçılığı, BRAND UP, YAP Gənclər Birliyi və Asan Könüllülərin dəstəyi ilə Gənclər Festivalında ölkənin tanınmış və gənclərin sevimlisi olan şəxslərin çıxışları, gənclər dalğası baş tutdu.
SDU-da təşkil edilən bütün kütləvi, ictimai və mədəni tədbirlərdə fəal iştirak edən Karyera Mərkəzi bütün fəaliyyətini tələbə və məzunlarımızın peşəkar kadr kimi yetişməsinə, onların potensialının təbliğinin üzərində qurur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az