Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd edildi
SDU-da Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd edildi

Oktyabrın 5-də universitetimizdə Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov Ulu öndərin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir” müdrik kəlamı ilə açaraq şərəfli və çətin peşə sahiblərini Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tərik etdi. Qeyd etdi ki, 5 oktyabr 1966-cı ildə UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd qəbul edilmişdir.  1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncam ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rektor vurğuladı ki, müəllimlik elə peşədir ki, ondan bütün cəmiyyət bəhrələnir.  Ona görə də hər bir müəllim   öz çiyinlərində bu ağır yükü daşımağı bacarmalıdır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Bu gün cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir. Hər bir müəllim çalışmalıdır ki, göstərilən qayğıya öz əməli işi ilə cavab versin,  xalqımız, dövlətimiz üçün savadlı, bilikli gənclər yetişdirsin. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söz açan rektor bildirdi ki, dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.Cənab Prezidentin qeyd etdiyi kimi qara qızılın insan kapitalına çevrilməsi işi uğurla davam edir. Bu illər ərzində yaradılmış maddi-texniki, elmi və pedaqoji baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir. Bu gün Təhsil naziri cənab Mikayıl Cabbarovun  həyata  keçirdiyi böyük layihələrdə universitetimizin müəllimləri iştirak edərək uğurlara imza atırlar. Bizim hər birimizdən  daha  ciddi işləmək, təhsilin keyfiyyətini  yüksəltmək,  gələcəyin  sağlam düşüncəli  qurucularını  yetişdirmək  tələb olunur.  Bu yolda hamıya bol-bol nailiyyətlər arzulayıram.
Azərbaycanın pedaqoji fikir tarixinə qızıl hərflərlə yazılan bu müqəddəs peşə bayramına həsr olunan tədbirdə təhsil sahəsində qazandığı uğurlara və universitetin ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi ATİAHİ Respublika Komitəsi tərəfindən fəxri fərmanla təltif olundu.
Bayram tədbiri universitetin “Səma” rəqs ansamblının, tələbələrin və tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az