Əsas səhifə | Xəbərlər | Milli Qurtuluş Gününə həsr olunmuş sərgi- konfrans keçirildi
Milli Qurtuluş Gününə həsr olunmuş sərgi- konfrans keçirildi

Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Kitabxanası və Sumqayıt Dövlət Universitetinin təşəbbüsü ilə çağdaş tariximizə daxil olmuş 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə “Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları tələbələrin gözündə” adlı sərgi- konfrans keçirildi. Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılan büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitablarına baxış keçirildikdən sonra tədbir Akt zalında davam etdirildi. Konfrans Milli Qurtuluş gününə həsr edilmiş video- filmin nümayişi ilə başladı. Tədbiri giriş sözü ilə SDU-nun rektoru Elxan Hüseynov açaraq Milli Qurtuluş gününə həsr olunmuş tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin təlim-tərbiyəsində ulu öndər Heydər Əliyevin müdrük fikir və kəlamlarını əyani surətdə nümayiş etdirmək, ümummilli liderimizin xalqımızın milli-mənəvi dəyərlərinə göstərdiyi böyük qayğının əhəmiyyətini aşılamaqdan ibarət olduğunu söylədi. Rektor Qurtuluş gününün tarixi əhəmiyyətindən söhbət açaraq qeyd etdi ki, məhz 21 il bundan öncə, tarixin bü günü xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən hifz edildiyini, 15 iyun - Milli Qurtuluş Günü... Xalqımızın taleyində dönüş mərhələsi olduğunu bildirdi. Vurğulandı ki, hələ Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. XX əsrin sonlarında olduğu kimi, o ağır illərdən əvvəl, Azərbaycan tarixinin taleyüklü məsələlərinin həlli də Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Xalqının çağırışına səs verən Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu oldu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Həmin il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan xalqının böyük istək və sevgisilə Prezident seçildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan cəmi bir il sonra - 1994-cü ildə neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nın imzalanmasına nail oldu. Ulu öndərin yürütdüyü siyasəti ölkə başçısı uğurla davam etdirir. Cənab İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün əhəmiyyət kəsb edir. Ümummilli liderin ölkə rəhbəri kimi diqqət yetirdiyi məsələlər təkcə iqtisadi potensialın artırılması ilə məhdudlaşmırdı. Onun milli təhsil sisteminə göstərdiyi diqqət və qayğısı göz qabağındadır. Rektor əminliklə vurğuladı ki, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildlkdən sonra konfrans açıq elan olundu. Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ulu öndərin Milli kitabxanaya gəlişini və kitabxanadakı çıxışlarını xatırlatdı: “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs davam edə bilər”. Doğrudan da xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs verən görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitablar bağışladılar. Kitabxana təkcə bu gün deyil, həm də keçmiş sovet dönəmində də dünyanın çox saylı ədəbiyyatını özündə cəmləşdirərək hər bir ziyalının üz tutacağı elm məbədgahına çevrilmişdir. Mən hər gün bu şərəfli peşənin həm oxucusu, həm də rəhbəri kimi deyə bilərəm ki, Azərbaycan xalqının tarixi sərkərdə-xaqanları, şairləri Şah İsmayıl Xətai, Nizami, Füzuli, Xaqani, Nəsimi kimi dahi şəxsiyyətlərin qələmə aldığı kitabların qoruyucusuyam. Və fəxr edirəm ki, Milli kitabxanamızda Heydər Əliyev kimi dahi liderin hədiyyə etdiyi şəxsi kitabları da yer almışdır. Tədbirdə Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən prezidentimiz cənab İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından da danışıldı. Azərbaycan Prezidentinin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Professor Tahir Kərimov fikrini Heydər Əliyevin müdrük kəlamı ilə yekunlaşdırdı: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat bilik, zəka mənbəyidir.” Çıxış üçün söz alan YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf tarixindən, dövlətimizin möhkəmləndirilməsində, beynəlxalq aləmə sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən müasir və müstəqil cəmiyyətin qurulmasında dahi şəxsiyyətin əvəzsiz xidmətlərindən danışdı. Tədbirdə Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyatı işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov, SDU-nun ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimov, şair-dramaturq Əvəz Mahmud Lələdağ ulu öndər Heydər Əliyevin ölkəmizin bütün sahələrində əvəzsiz xidmətlərindən və xilaskarlıq missiyasından söhbət açdılar. Natiqlər bildirdilər ki, Heydər Əliyev tarixi qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və inkişaf gətirdi. Azərbaycan Respublikasında praqmatik, mütərəqqi və demokratik dəyərlərlə zəngin idarəetmənin bünövrəsini qoymaqla, ümummilli lider Heydər Əliyev hərtərəfli inkişafa, möhkəm dövlətçiliyə əbədi zəmin yaratmış oldu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az