Əsas səhifə | Xəbərlər | 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür
1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür

Dekabr ayının 2-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Qızıl Aypara cəmiyyəti Sumqayıt şöbəsinin və Sumqayıt Dövlət  Universitetinin  təşkilatçılığı ilə 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov açaraq tədbir iştirakçılarını universitetin rəhbərliyi adından salamladı. O, qeyd etdi ki, QİÇS deyilən xəstəlik  artıq bütün dünyanı caynağına alan bəlaya çevrilib. Bu xəstəliyin çox qədim tarixi olmasına baxmayaraq, əslində keçən əsrin 80-ci illərindən başlayaraq kütləvi şəkil alıb. Hal-hazırda dünya əhalisinin 35 milyondan çoxu bu xəstəliyin daşıyıcısıdırlar. Ölkəmizdə də  4500-dən çox bu xəstəliyin daşıyıcıları var. Bu tədbiri keçirməkdə məqsəd gənclərimizin bu xəstəliyi qarşı çox diqqətli və ayıq-sayıq olmalarıdır.
Sumqayıt şəhər Qızıl Aypara Cəmiyyətinin təlimatçıları Nərgiz Əhmədova və Mirvari Quliyeva öz çıxışlarında qeyd etdilər ki, QİÇS(spid) qazanılmış immun çatışmazlığı sindromu xəstəliyidir. O, insan immunçatışmazlığı virusu HİV ilə yoluxması nəticəsində əmələ gəlir. Bu virus əsasən insanın xəstəliklərə müqavimətini təmin edən immun sistemini zədələyir. Nəticədə bu virusla yoluxan şəxsin bir müddət bütün xəstəliklərə qarşı müqaviməti zəifləyir. Müəyyən müddətdən sonra isə virus insan orqanızminin müqavimətini tam məhv edir və o ən adi mikroorqanizmlər və bədxassəli şişlər qarşısında aciz qalır. QİÇS adlanan bu mərhələdə ən adi bir xəstəlik də çox ağır bir fəsadlara gətirib çıxararaq ölümlə nəticələnə bilər. Bu xəstəliyin yaş həddi yoxdur. Xəstəliyə yoluxmamaq üçün hər bir  insan məlumatlı olmalı, xüsusən də müalicə olunarkən, tibbi alətlərdən istifadə də qan köçürülməsi zamanı, diş fırçası və üzqırxanlardan istifadədə  və xüsusən qadınlar gözəllik salonlarında diqqətli və ehtiyatlı olmalıdır.
Tədbirdə QızılAypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin  sədri Mətanət Məhərrəmova və Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin gənclərlə iş  sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov da iştirak etdi.
Sonda tədbir iştirakçılarına QİÇS-lə bağlı  slayd nümayiş olundu. Tədbirdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə mübarizə Mərkəzinin heyəti tərəfindən universitetin tələbələri və əməkdaşları müayinədən keçdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az