Azərbaycan  Respublikası Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli 13  saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin  inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tədbirlər planına uyğun  olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sistemli tədbirlər  həyata keçirilir. Həmin tədbirlərdən biri də ali təhsil müəsisələrində məsul  vəzifələrdə çalışan əməkdaşların ixtisas artırması ilə bağlıdır.
Bu  məqsədlə Azərbaycan Respublikasının bəzi regionları da daxil olmaqla 15 dövlət  ali təhsil müəssisəsinin məsul əməkdaşları qardaş Türkiyə Cümhuriyyətinin  tanınmış universitetlərinə stajkeçmə üçün ezam olunmuşlar. Sumqayıt Dövlət  Univerisitetini bu layihədə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor  Atayev Qafar Nəriman oğlu təmsil etmişdir.
Qafar  Atayev bildirdi ki, layihənin əsas məqsədi Türkiyə Respublikasının  təcrübəsindən istifadə etməklə ölkəmizdə təhsili daha  yaxşı idarə olunmasının üsul və metodlarını  öyrənmək idi. Proqram nəzəri və praktiki olaraq iki yerə ayrılmışdı. Proqramın  nəzəri hissəsi Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE)  keçirilirdi. Seminarlarda Türkiyə Cümhuriyyətində ali təhsilin strukturu,  idarəedici strukturlara (rektorlar, prorektorlar, dekanlar və bölüm başqanları)  seçkilər, kadr potensialının formalaşdırılması, ali peşə və dərəcə  sertifikatlarının (diplomların) verilməsi mexanizmi ilə tanış olur, ölkələrimiz  arasıda təhsil sahəsində oxşar və fərqli cəhətlər, qarşılıqlı layihələr,  qloballaşan dünyada universitetlərin hansı istiqamətdə inkişaf edə biləcəyi  mövzuları ətrafında geniş müzakirələr aparılırdı.
Praktik  hissəsə Türkiyənin müxtəlif Universitetlərində - TODAİE, Anadolu, Ankara, Qazi,  Hecettepe, ODTU (Yaxın Şərq Texniki Universiteti), Bilkent və s.  universitetlərində keçirilirdi. Nümayəndə heyəti Bilkent və ODTU  univerisitetlərində yaradılmış Yüksək Texnologiya Parkları və Anadolu  Univerisitetində fəaliyyət göstərən 2 milyon dinləyicisi olan distant təhsil  sistemi ilə tanış oldu.
Bundan  başqa nümayəndə heyəti YOK-da (Yüksək Öyrətim Qurumu), Türkiyə Təhsil  Nazirliyində, SETA-da (İqtisadi, Siyasi və Sosial Araşdırmalar Mərkəzi),  TÜBİTAK-da (Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunda), Türkiyə Avropa  Birliyi Bakanlığında (Nazirliyində), Azərbaycan Respublikasının Türkiyə Cühuriyyətindəki  Səfirliyində, Türkiyə Böyük Millət Məclisinin Elm və Təhsil Komissiyasının  sədri və Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri ilə görüşmüşdür.
Layihə  çərçivəsində nümayəndə heyəti Atatürkün məzarı yerləşən və onunla bağlı  sərgi-muzey kompleksi - ANITKABİR-ı və Ümummilli liderimiz Heydər Əliyevin  adını daşıyan parkı ziyarət etmiş, tarixi Konya şəhərinə ekskursiya etmişlər.  Bu müddət ərzində keçirdikləri görüşlərin nəticəsi olaraq sertifikatlarla  təltif olunmuşlar.
Prorektor Qafar Atayev həyata keçirilən proqramın və iki həftəlik staj  keçmə kursunu yüksək qiymətləndirdi və    Azərbaycan Respublikası Təhsil Naziri, cənab Mikayıl Cabbarov başda  olmaqla Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyevə, Təhsil  Nazirliyinin Elm və Ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimova,  SDU-nun rektoru Elxan Hüseynova və  Azərbaycan  Respublikasının Türkiyə Cumhuriyyətindəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə  Nəsibovaya mindərlığını bildirdi.
Mətbuat xidməti