Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsi qeyd edildi
Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsi qeyd edildi

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin imzaladığı «20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncama əsasən yanvarın 19-da universitetimizdə bir sıra tədbirlər həyata keçirildi. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində 20 Yanvar faciəsini özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirdilər. Sonra professor-müəllim və tələbə heyəti universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və onların ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində böyük əhəmiyyət daşıdığını və xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd xalqın gözünü qıpmaq, onun əzmini, iradəsini sındırmaq idi. Çar cəlladlarının həmin gecə Azərbaycanın bütün bölgələrini, paytaxt Bakı da daxil olmaqla qan gölündə boğmaq idi. Sovet əsgərlərinin, Çar cəlladlarının topunun, tüfənginin üstünə İstiqlal eşqi, Vətən sevgisi ilə əliyalın gedən xalqımız “Ya Azad ol, ya tamam yan, Azərbaycan” nidası ilə Şəhid köynəyindən kəfən geydi. Bakı qərənfillərdən başına tac qoydu. Çənbərəkəndi ötən əsrin 50-ci illərdində “Dostluq parkı”na çevirənlərə dağ çəkdi. Xalq 20 Yanvar şəhidlərini Çənbərəkənddə, Bakının ən uca zirvəsində torpağa tapşırdı. Rektor onu da vurğuladı ki, şəhidlər dəfn olunan gün Moskvada Azərbaycan Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev partiya biletindən imtina etdi. Xalqının qatillərini cinayətkar adlandıraraq Mixail Qorbaçovun, onun havadarlıq etdiyi daşnaqların tarix qarşısında cavab verəcəyini söylədi. 20 Yanvar dəhşətlərindən sonra ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, Xocalı dəhşətlərini, Qarabağ faciələrini, qaçqın və məcburi köçkünlərin kədərini, Şuşa niskilini yaşasa da milli istiqlala qovuşdu. 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə, ümumiyyətlə soyqırımlar tarixinə siyasi qiymət verən, Şəhidlərin adını əbədiləşdirən, onların ruhuna ehtiram əlaməti olaraq “Şəhidlər” Memarlıq Kompleksini ucaltdıran Ulu Öndər Azərbaycanın müstəqilliyini əbədi, daimi, dönməz etdi. Olmuşlara, olanlara baxmayaraq bu gün ölkəmiz Prezident cənab İlham Əliyevin daxili və xarici siyasəti ilə Milli istiqlaldan Milli dövlətçiliyə şərəflə yol gələn xalqımızı işıqlı gələcəyə doğru aparır. Tədbirdə çıxış edən digər natiqlər Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, Karyera mərkəzinin müdiri Zahid Bünyadov Yanvar faciəsinin səbəblərindən, xalqın əsrlərlə sovet rejimindən, müstəmləkə siyasətindən azad olmaq uğrunda mübarizəsindən bəhs etdilər. 27 il əvvəlki hadisələrin yalnız faciə deyil, həm də, xalqımızın tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğuladılar. Şəhid ailələri adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.Tələbələrdən Əliyar Rəfiyev, Anarə Rzayeva, Könül İbrahimova, İbrahim Qanıyev vətənpərvərlik ruhunda şeirlər söylədilər Sonra rektor professor Elxan Hüseynov şəhid ailələrinin üzvlərini qəbul edərək, maddi-mənəvi problemləri ilə maraqlandı. Universitet tərəfindən daima yardım ediləcəyini bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az