Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə "Azərişıq" ASC-nin Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı
Sumqayıt Dövlət Universiteti ilə "Azərişıq" ASC-nin Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı

Əməkdaşlıq müqavilələrinin imzalanması, kadr potensialının möhkəmlənməsinə, professor-müəllim heyətinin mübadiləsinə, tələbələrin təcrübəsinin artırılmasına təkan verməklə yanaşı məzunların karyera qurmaq istiqmətində nailiyyətlərinin artmasına da təkan verir. Qurulan hər bir əlaqə, imzalanan hər bir müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edir.
Bu məqsədlə fevralın 23-də “Azərişıq” ASC-nin Tədris Mərkəzinin “Gənclik” korpusunda Sumqayıt Dövlət Universiteti  ilə  Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı.
“Azərişıq”ASC Tədris Mərkəzinin direktoru Vüqar Əliyev qonaqları salamladı və təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışaraq bildirdi ki, mövcud kadr potensialının günün tələblərinə uyğun təkmilləşdirilməsi və yeni gənc kadrların müasir səviyyədə hazırlanması  “Azərişıq” ASC Tədris Mərkəzinin başlıca prioritetidir. Bu məqsədlə Mərkəzdə kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi üçün müasir dövrün tələblərinə cavab verən, elektroenergetika sahəsində dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş tədris bazası formalaşdırılıb. Eyni zamanda Tədris Mərkəzi elektroenergetika sahəsi üzrə keyfiyyətli kadr potensialı hazırlanması sahəsində respublikanın digər ali və orta texniki təhsil müəssisələri ilə də əməkdaşlıq edir. Mərkəzin direktoru  onu da bildirdi ki,  respublikanın elektroenergetika ixtisası üzrə kadr hazırlayan ali təhsil müəssisələri – Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan  Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq müqavilələri bağlanılıb və müvafiq istiqamətlərdə birgə layihələr həyata keçirilir. Əsasən bu təhsil müəssisələrinin tələbələri Tədris Mərkəzinin Bakı və Gəncə şəhərlərində olan korpuslarında, laboratoriya şəraitində dərs keçirlər.Tədris Mərkəzində tədris prosesi inkişaf etmiş Avropa ölkələrinin qabaqcıl tədris texnologiyası olan dual tədris metodikası əsasında -  tədrisin təhsil müəssisəsində istehsalat fəaliyyəti ilə birgə aparılması  prinsipinə əsaslanır. Dual sistem üzrə tələbə, təhsil müddətinin 70%-ni praktiki vərdişlər,  30%-nı isə nəzəri biliklər əsasında keçir.  İnanıram ki,  bu  müqavilə Sumqayıt Dövlət Universitetinin məzunları üçün çox böyük imkanlar açacaq. 
Görüşdə rektor professor Elxan Hüseynov rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verdi, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan söhbət açdı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, universitetimiz bir çox müəssisələrlə əməkdaşlıq  müqaviləsi   imzalayıb, bunun nəticəsi olaraq tələbələrimiz ixtisaslarına uyğun olaraq təcrübədə olurlar. Bu da günün tələbinə uyğun olaraq kadr potensialının formalaşmasına təkan verir. Son zamanlar universitetimizin Fizika və elektroenergetika fakültəsində müasir avadanlıqlarla təchiz olunmuş yeni laboratoriyalar yaradılaraq tələbələrin istifadəsinə verilib. İnanıram ki, təməli qoyulan bu əməkdaşlığımız hər iki tərəf üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin kadr potensialının inkişafına böyük töhfələr verəcək.
Qeyd edək ki, müqavilədə qarşılqlı əməkdaşlıq şəraitində hər iki tərəfin elmi-texniki və tədris əlaqələrinin genişləndirilməsi, uyğun ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alanların istehsalat təcrübələrinin, uyğun ixtisaslaşmalar üzrə isə magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, “Azərişıq” ASC-nin cari və perspektiv inkişaf məsələlərinə həsr olunmuş mövzularda buraxılış işlərinin və magistr dissertasiyalarının müştərək rəhbərliklə hazırlanması,  təhsil alanlar üçün kursların təşkil olunması, müvafiq sertifikatlaşmanın təmin edilməsi və  “Azərişıq”  ASC-də işlə təmin olunması,  SDU-nun professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün “Azərişıq” ASC-nin laboratoriyalarında müvafiq şəraitin yaradılması, ”Azərişıq”ASC-nin istehsalat və digər sahələrdə elmi-texniki məsələlərin həllində  tərəflərin birgə iştirakı,  SDU-nun doktorant və dissertantlarının elmi-tədqiqat işlərinin “Azərişıq” ASC üçün aktuallıq kəsb edən mövzulara həsr olunmasının təşkili,  yeni ixtisaslar üçün nəzərdə tutulan texniki ədəbiyyatın birgə hazırlanması, SDU-nun beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrində “Azərişıq” ASC-nin tərəfdaş kimi iştirak etməsi, SDU-nun əməkdaşlarının “Azərişıq” ASC-nin Tədris Mərkəzində kadr hazırlığına cəlb edilməsi, ”Azərişıq”ASC-nin mütəxəssisləri tərəfindən universitet tələbələri üçün seçmə mühazirələrin təşkili, SDU-nun professor-müəllim heyətinin ”Azərişıq”ASC-nin Tədris Mərkəzində məsləhətçi qismində iş prosesinə cəlb edilməsi, müxtəlif səviyyəli birgə seminar və konfransların təşkili, birgə layihələrin işlənməsi, hazırlanması və istehsalata tətbiqi, Beynəlxalq və respublika miqyaslı elmi-texniki sərgilərdə birgə iştrak etmək kimi məsələlər öz əksini tapmışdır. Bu istiqamətlərin əsas məqsədi “Azərişıq” ASC-nin  maddi-texniki bazasından, müasir tədris və istehsalat laboratoriyalarından təhsil alan tələbələrin yararlanmasını təmin etmək, xüsusi ilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaq, həmçinin Sumqayıt Dövlət Universitetinin elmi potensialını stimullaşdırmaqdan ibarətdir. 
Sonra Tədris Mərkəzinin direktor müavini Əvəz Paşayev, SMS Tədris şöbəsinin rəisi Araz Məmmədli, dosentlər Hikmət Əliyev, Qara Həsənov, aparıcı mühəndis Əli Cəlallı mərkəzdə olan  müasir cihaz və avadanlıqlarla  təchiz olunmuş laboratoriya və sinif otaqları haqqında ətraflı məlumat verdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az