Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri xanım Dr. Eva Lohseyə Fəxri doktor adı verildi
Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri xanım Dr. Eva Lohseyə Fəxri doktor adı verildi
Mayın 4-də universitetimizdə Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri, Almaniya şəhər Bələdiyyələri Assosiasiyasının sədri  Dr. Eva Lohseyə universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirildi. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov,  Almaniya və Sumqayıt şəhərnin ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov  açaraq qonaqları salamladı, onların universitetə gəlişlərini əlamətdar hadisə adlandırdı. Azərbaycanla Almaniya Federativ Respublikası  arasında siyasi, iqtisadi, mədəni, elm və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən rektor əminliklə vurğuladı ki,  keçirilən bu tədbir ikitərəfli münasibətlərin inkişafına mühüm tövhələr verəcək. 
Rektor universitet haqqında ətraflı məlumat verərək bildirdi ki, Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri olan, cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti 55 illik yubileyi ərəfəsindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra təhsilimiz milli əsaslar üzərində yenidən quruldu. Ulu Öndər Sumqayıt şəhərində yaşayan gənclərin ali təhsilinin inkişaf etdirilməsi, milli ideologiyamızın formalaşdırılması, müstəqil dövlətimizin möhkəmlənməsi naminə 13 iyun 2000-ci il tarixli  349 saylı fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması haqqında qərar verdi. Bu müdrik siyasi xadimin əsas məqsədi millətini   savadlı, bacarıqlı və böyük siyasi-iqtisadi gücə malik bir dövlət kimi qüdrətli dövlətlər sırasında görmək  idi və buna da nail oldu. Universitetin beynəlxalq əlaqələrindən söhbət açan rektor onu da qeyd etdi ki, hal -hazırda Köln Texniki (Almaniya ), Qrats Texniki (Avstriya),  Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələr imzalamışıq. Universitetimiz TEMPUS layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olmuş, burada 8 müasir tədris laboratoriyası yaradılmış və yüksək avadanlıqlarla təchiz olunmuşdur. Bu qəbildən olan “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin bolonya prosesinə uyğunlaşdırılması layihəsi” artıq başa çatmışdır. Layihə çərçivəsində əməkdaşlarımız bir neçə dəfə Avstriyanın Qrats Texniki Universitetində və Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində ezamiyyətdə olmuş, layihənin gedişatı və görüləcək işlərin müzakirəsində iştirak etmişlər. Layihənin işçi planına uyğun olaraq Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən ASİİN müstəqil akkreditasiya agentliyi tərəfindən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Elektroenergetika mühəndisliyi” baka¬lavr və “Enerji menecmenti” magistr proqramına keyfiyyət möhürlərinin verilməsi üçün görülmüş işlərin auditi keçirilmiş, nəticədə Azərbaycanda ilk dəfə olaraq Sumqayıt Dövlət Universitetinə 2 bakalavr ixtisası və 1 magistr ixtisaslaşması üzrə mütəxəssis hazırlığının Avropa standartlarına uyğunluğu haqqında həmin ixtisaslara Avropanın tanınmış akkreditasiya agentliyi olan ASİİN tərəfindən 5 illik keyfiyyət möhürləri - sertifikat verilmişdir. Həmçinin ERASMUS+LPEB, UNİVİA, ESFİDİP TEMPUS layihələri, “Mevlana Mübadilə Proqramı” və s. layihələr uğurla gerçəkləşir. 
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür. Bu səbəbdən də universitetimiz beynəlxalq əlaqələrini daha da genişləndirir, kadr potensialını gücləndirilməsi istiqamətində  böyük layihələrə imza atır, xaricdən mütəxəssislər dəvət edir.Sumqayıt Dövlət Universitetinin dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələri genişlənir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirilir. 
Rektor çıxışının sonunda Elmi Şuranın 3 may 2017-ci il tarixli iclasında Dr. Eva Lohseyə  Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru adının verilməsi haqqında qərarını elan etdi. Bildirdi ki, ali qonaq Sumqayıt- Lüdviqshafen şəhərləri arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə Fəxri doktor adına layiq görüldü. Rektor Fəxri doktor diplomunu, medal və mantiyanı ali qonağa təqdim etdi.
Sonra Dr.Eva Lohse Fəxri doktor adına layiq görülməsindən məmnunluğunu ifadə etdi, Azərbaycan-Almaniya münasibətlərindən danışdı və əlaqələrin hazırkı vəziyyətindən razılığını bildirdi, o cümlədən təhsil sahəsində əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tədbir iştirakçılarını salamladı, qonağı şəhərimizin qabaqcıl ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru adının alması münasibəti ilə təbrik etdi. İki şəhər arasında dostluq əlaqələrinin inkişafından söhbət açan cənab Zakir Fərəcov qeyd etdi ki, bu əlaqələrin sonrakı inkişafında SDU-nun tələbə gənclərinin xüsusi rolu olacaqdır. İcra başçısı onu da diqqətə çatdırdı ki, Sumqayıt hələ sovetlər dövründən bir neçə ölkənin şəhərləri ilə qardaşlaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu şəhərlərin sayı artmaqla yanaşı, dostluq əlaqələri də genişləndi. Belə əlaqələrdən biri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə quruldu. Şəhər sakinləri arasında alman parkı kimi tanınan Lüdviqshafen istirahət parkı da bu əlaqələrin 20 illiyi münasibətilə 1997-ci ildə salındı. Lüdviqshafendə isə küçələrdən birinə Sumqayıt adı verildi. İcra başçısı onu da qeyd etdi ki, Sumqayıt yalnız Lüdviqshafenlə deyil, dünyanın 11 ölkəsinin 13 şəhəri ilə dostluq əlaqələri qurub. Bu gün Sumqayıtla Lüdviqshafenin tərəfdaşlıq münasibətlərinin 40 ili tamam olur. Bu münasibətlə hər iki dost şəhərin nümayəndələrini təbrik edirəm.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az