Sumqayıt  Dövlət Universitetinin dosenti Sevda Rzayeva Pakistanın İslamabad şəhərində  “Nüvə Tədqiqatlar Mərkəzi”ndə keçirilən plenar iclasda iştirak etmişdir. 
  Plenar  iclas elementar zərrəciklərin elektrik yükü kimi fundamental xarakteristikası  ilə Hiqqs bozonlarının xassələri arasında əlaqələrin müəyyənləşdirilməsi və öyrənilməsi,  zərrəciklərin elektrik yüklərinin birqiymətli təyin edilmə (kvantlanma) şərtlərinin  tapılmasına həsr olunmuşdur.
  Sevda Rzayevanın 2 həftəlik ezamiyyətinin məqsədi “İCTP-NCP School on  LHC Physics” (ICTP-İnternational Centre for Theoretical Physics, NCP-National  Centre for Physics, LHC- Large Hadron Collider) beynəlxalq məktəbdə iştirak  etmək və müasir fizikanın ən mühüm məsələlərindən biri olan Avropa Nüvə  Tədqiqatları Mərkəzinin Böyük Adron Kollayderində alınan Hiqqs bozonunun yeni  xassələrinin araşdırılmasında fikir mübadiləsi aparmaq olmuşdur.
  S.Rzayeva kursun plenar  iclasında Hiqqs sahəsi və Genişləndirilmiş Standart Model haqqında məruzə ilə  çıxış etmişdir.
  Məruzədə  elektrik yükünün kvantlanması ilə elementar zərrəciklərin kütlə qazanma  mexanizmi arasında (hal-hazırda bu Hiqqs mexanizmidir) ələqənin müəyyənləşdirilməsi  və tədqiq edilməsinin vacibliyi göstərilir. Yüksək enerjilər fizikası sahəsində  dünyanın müxtəlif ölkələrindən gələn alimlərlə bu sahədə elmi müzakirlər  aparılmışdır.
  Bəs  Xiqqs mexanizmi və Xiqqs bozon nədir? İndiyədək fiziklər kütlə anlayışından  istifadə etsələrdə, kütlənin yaranma mexanizmi barədə heç bir məlumata malik  deyildilər. Güclü və elektrozəif qarşılıqlı təsirlərinin Standard Modelinin əsasında  duran Xiqqs sahəsi qarşılıqlı təsirdə olduğu sahəyə kütlə verir və beləliklə  kütlənin yaranma mexanizmi izah edir. Bu sahəyə uyğun olan zərrəcik Xiqqs  bozonu adlanır.
  Sevda  Rzayeva çıxışına görə sertifikatla və Pakistanın Nüvə Tədqiqatlarının rəmzi  olan xüsusi hədiyyə ilə təltif olunmuşdur.
Xatırladaq ki, dosent Sevda Rzayeva  2013 –cü ilin iyun ayında İtaliyadə yerləşən  Abdul Salam adına Nəzəri fiziklər üçün keçirilən kursa dəvət almış və bir aya  yaxın həmin kursda fəal iştirak etmişdir.
Mətbuat xidməti
 
                