Əsas səhifə | Xəbərlər | Sumqayıt-Lüdviqshafen dostluğuna həsr olunmuş Alman dili dərsi maraqla qarşılandı
Sumqayıt-Lüdviqshafen dostluğuna həsr olunmuş Alman dili dərsi maraqla qarşılandı
Münasibətlərimiz yüksələn xətlə inkişaf edir.
Şəhərimizin Heydər Əliyev MərkəzindəFilologiya fakültəsinin Xarici dillər kafedrasının professoru Nigar İsgəndərovanın və Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarovanın təşəbbüsü ilə Sumqayıt şəhərinin Almaniyanın Lüdviqshafen şəhəri ilə dostluq münasibətlərinin 40 illiyinə həsr olunmuş alman dilində açıq dərs keçirildi. SDU-nun alman dili müəllimləri Almaz Mehdiyeva və Mətanət Həmişəyevanın  universitetin bir qrup tələbəsi ilə apardıqları dərs qonaqların marağına səbəb oldu. Universitetin 7 fakültəsindən açıq dərslərdə iştirak edən tələbələr, həmçinin kafedranın baş laborantı Humay Mərdanlı, Statistika şöbəsinin metodisti Lətifə Mirzəliyeva Sumqayıt-Lüdviqshafen əlaqələrinin xronikasını əks etdirən slaydlar hazırlamışdılar. Dərsdə Sumqayıt Lüdviqshafen şəhərləri arasında dostluq əlaqələrindən söhbət aparıldı, bu tarixin ayrı-ayrı mərhələlərinə nəzər salındı. 1977-ci ildən yaranmış dostluq Lüdviqshafen  şəhərinin odövrki Ober-burqomistri Doktor Verner Lüdviq və SSRİ-Reyn  Nekkar Dostluq Cəmiyyətinin sədri cənab Bülovun Sumqayıta səfəri ilə bağlıdır. 
Əlaqələrin ilk illəri (1977-1979-cu illər) rəsmi səfərlər ilə səciyyələnirdi. Belə ki, Sumqayıt şəhəri İcraiyyə Komitəsinin sədri Zülfü Hacıyev, sədrin müavini Vaqif Bayramov Lüdviqshafen şəhərinə səfər etmişdilər. 
1980-cı illərin əvvəlində  Lüdviqshafen şəhərinin məktəblilər qrupunun səfəri şagirdlər və şəhər sakinlərinin daha intensiv mübadiləsinin əsasını qoymuşdur. 
Hər iki şəhər arasında əlaqələr, əsasən, məktəblilər (xüsusilə,  Lüdviqshafen  şəhərindən Karl-Boş adına gimnaziya və Sumqayıt şəhərindən 15 saylı orta məktəb), mədəniyyət işçiləri ilə və idmançıların mübadiləsi əsasında qurulmuşdu. İdman və mədəniyyət əlaqələri ilə yanaşı, iqtisadi və səhiyyə sahələrində də əməkdaşlıq inkişaf etmişdir. Bütün bunlar şəhərlər arasında sıx əməkdaşlıqdan xəbər verir, mümkün olan sahələr üzrə problemlərin həlletmə imkanlarının axtarılması sahəsində Lüdviqshafen və Sumqayıt şəhərlərinin birgə fəaliyyətini əks etdirir.
Tədbirdən sonra bu əlamətdar günlə bağlı SDU-nun Elmi Şurasında Lüdviqshafen şəhərinin Ober-burqomistri E.Losseyə universitetimizin fəxri doktoru adı verildi.Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və E. Lose təhsil mərkəzində tədrisin yüksək səviyyədə olmasını qeyd edərək, alman dilini həvəslə öyrənən tələbələrin Almaniyanın Heydelberq Universitetində dil bilgilərinin təkmilləşdirilməsi üçün şəraiti yaradılmasının vacibliyini, dostluğumuzun yüksələn xətlə inkişaf etdiyini vurğuladılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az