Əsas səhifə | Xəbərlər | Universitetdə “Azərbaycanda ekologiyanın davamlı inkişafı” mövzusunda elmi-praktiki seminar keçirildi
Universitetdə “Azərbaycanda ekologiyanın davamlı inkişafı” mövzusunda elmi-praktiki seminar keçirildi

Mayın 23-də Sumqayıt Dövlət Universitetində “Azərbaycanda ekologiyanın davamlı inkişafı” mövzusunda  elmi-praktiki seminar keçirildi. Tədbirdə Kimya və biologiya fakültəsinin dekanı dos. Mahal Muradov, Fizika və elektroenergetika fakültəsinin dekanı  dos. Tamella Əhmədova, Pskov Dövlət Universitetinin Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı prof. Vladimir Prокоfyеv, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dos. İslam Paşayev və bir çox bioloq, ekoloq, ətraf mühit üzrə mütəxəssislər  iştirak etdilər. 
Kimya və biologiya fakültəsinin dekanı dos. Mahal Muradov Pskov Dövlət Universitetinin Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı prof. Vladimir Prокоfyevi və qonaqları universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi. Seminarın çox aktual bir mövzuya həsr olunduğunu bildirdi. Müasir dövrümüzdə ətraf mühitin və ekologiyanın mühafizəsi, bəşəriyyətin gələcəyi naminə təbii və intellektual resurslardan səmərəli istifadə, insan və təbiət arasında inteqrasiya, əhalinin demoqrafiyası və ərzaqla təchizatı, davamlı inkişafda insan amilinin əsas götürülməsi, insanın həyat səviyyəsinin yüksəldilməsi, elm və texnologiyaların inkişafının davamlılığının təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Davamlı inkişaf məhz bu vacib məqsədlərin həyata keçirilməsinə xidmət edir. Dekan onu da bildirdi ki, Prezident cənab İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirilir. Bu məsələdə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.Hazırda davamlı inkişaf dünya ictimaiyyətinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Bu prosesdə dövlət, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin eləcə də təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Dekan çıxışında belə seminarların daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğuladı. 
Pskov Dövlət Universitetinin Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı prof. Vladimir Prокоfyеv SDU-ya dəvət olunması üçün universitetin rəhbərliyinə və kollektivə təşəkkürünü bildirdi, belə seminarların təşkilinin iki ali təhsil müəssisələri arasında elm və təhsil əlaqələrinin davamlı inkişafına töhfə  verəcəyini qeyd etdi. Prof. apardığı elmi-tədqiqat işlərindən və həyata keçirdiyi layihələrdən bəhs etdi, günümüzün aktual məsələlərindən olan ekologiyanın qorunmasının vacibliyini bildirdi.  
Seminarda Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri prof. Əkbər Ağayev “Sumqayıtın neft-kimya kompleksi və onun ekoloji problemləri”, Ekoenergetika Akademiyasının prezidenti prof. Fəqan Əliyev “Qarabağın işğal altındakı torpaqlarının  azad olunmasından sonra davamlı inkişafı”,  Pskov Dövlət Universiteti, Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı, prof. Vladimir Prокоfyеv “Biologiyanın ekoloji aspektləri - sirkariy trematodlar”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi şöbəsinin Ətraf mühitin monitorinqi və Ekoloji təbliğat sektorunun baş məsləhətçisi Arif Hümbətov “Ətraf mühitin mühafizəsi baxımdan qəbul edilən qanunlar”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 saylı ərazi şöbəsinin baş məsləhətçisi Vüsal İbrahimli “Davamlı inkişafda Beynəlxalq təşkilatların rolu”,  Ekologiya kafedrasının dosenti Nərgiz  Aşurova “Davamlı inkişafın əhatə etdiyi sferalar”, Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Lalə Bünyatova “Azərbaycanda texnogen təsirlər nəticəsində torpağın mikromitset tərkibində baş verən kəmiyyət və keyfiyyət dəyişikliyi” mövzularında çıxış etdilər. Bildirdilər ki, bu gün həyata keçirilən məsələlərdən biri də ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə xüsusi diqqətin ayrılmasıdır. Bununla əlaqədar olaraq ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət aparılır. Görülən bu kimi məqsədyönlü tədbirlər əhalinin sağlamlığını qorunmasına xidmət edir.
Sonda mövzu ətrafında maraqlı müzakirələr aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az