Bu gün yüzlərlə  tələbə universitetə, tələbəlik həyatına əlvida deyir.  Bir vaxt çılğın, bəzən də kövrək uşaq  şıltaqlığı ilə gəncliyin astanasına qədəm qoyan tələbələr indi ali məktəbi başa  vururlar. Tələbəlik illərinin acılı – şirinli anları artıq geridə qalır. İlboyu  imtahan həyəcanı yaşayan məzunlar üçün ötən günlər indi artıq əlçatmaz bir arzu  kimidir. 
İyunun 30 –da  Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını yola saldı. 
Rektor professor  Elxan Hüseynov,  universitetin tələbə-müəllim heyəti ilə  yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələrivə digər qonaqlar iştirak etdilər. Tədbir  Azərbaycan  Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olundu. Rektor  professor Elxan Hüseynov bu  əlamətdar gün münasibətilə məzunları təbrik edərək xoş arzularını bildirdi. Sumqayıt  Dövlət Universitetinin  ölkəmiz üçün  savadlı mütəxəssislər yetişdirdiyini qeyd edən rektor universitetin fəaliyyəti,  təhsil sistemi, uğurları və beynəlxalq əlaqələr və respublikamızda təhsilin  inkişafında həyata keçirilən islahatlar haqqında  ətraflı məlumat verdi. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət  qayğısından danışaraq, qeyd etdi ki,  bu gün məzunlarımız Azərbaycan elminin inkişafına və  çiçəklənməsinə töhfələr verirlər. Rektor  Prezident cənab İlham Əliyev tərəfindən  ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan ,  imzaladığı sənədlərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, məhz Prezident cənab  İlham Əliyevin qayğısı və dəstəyi sayəsində  Azərbaycan  təhsili dünya təhsil sisteminə sürətlə inteqrasiya olundu. Cənab İlham  Əliyevin məqsədyönlü siyasəti nəticəsində hər bir sahədə olduğu kimi təhsil  sahəsində də  uğurlara imza atıldı.  Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə  inkişaf edir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət  Proqramlarının uğurla gerçəkləşməsi, müsabiqələrin keçirilməsi bir daha  təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. 
Rektor onu da diqqətə çatdırdı ki, son illərdə gənclər siyasətinə xüsusi diqqət yetirilir. Çünki  gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir aparıcı qüvvədir. Bu qüvvəni  yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür.  Prezident cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli  dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və  ölkəmizdə bu istiqamətdə hər cür şərait yaratmışdır. Bu gün Azərbaycanda  gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərin  hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx  əlaqədədir. Məzunları bir daha təbrik edən rektor onlara təhsil aldıqları ali  məktəblə hər zaman əlaqə saxlamağı tövsiyə etdi və universitetin qapısının hər zaman   üzlərinə açıq olduğunu bildirdi.
Tələbələrin ifasında universitetin marşı səsləndi.
Universitetin  professoru əməkdar müəllim Həsən Sadıqov  universitetin kollektivini və məzunları təbrik edərək gənclərə gələcək  fəaliyyətlərində uğurlar arzuladı.
Keçmiş məzunumuz Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının Corat qəsəbəsi üzrə nümayəndəsi  Cəmil Quliyev, valideynlər adından  Lerik icra nümayəndəsi Əflatun Bayramov və  başqaları məzun günü və doğma universitetin 55  illik yubileyi münasibətilə təbrik etdilər, xoş arzularını bildirdilər. Məzunlar  adından Tarix və coğrafiya fakültəsinin məzunu İbrahim Zeynallı ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından  danışdı və məzunu olduğu Sumqayıt Dövlət Universitetinin adını həmişə uca  tutacaqlarına söz verdi.
Sonra təhsildə  yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə  fərqlənən məzunlara Fəxri Fərman  və  xatirə hədiyyələri təqdim edildi. Rektor professor  Elxan Hüseynov İqtisadiyyat və idarəetmə  fakültəsinin məzun magistrantı  Samir Çıraqova  fərqlənmə diplomunu təqdim etdi, onun gələcəkdə universitetdə işlə təmin  olunacağını qeyd etdi.
Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivi  ilə yanaşı tanınmış incəsənət xadimləri, Azərbaycan  Respublikasının xalq artisti Niyaməddin Musayev, əməkdar  artistlər Rühəngiz Allahverdiyeva, aşıq Samirə və başqaları ifaları ilə  məzunları təbrik etdilər.
 
                 
             



