Əsas səhifə | Xəbərlər | Şərəflidir, ucadır müəllim əməyi
Şərəflidir, ucadır müəllim əməyi

Heydər ƏLİYEV: “Müəllimlik  peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur”

Tale hər kəsin qismətinə bir ömür payı yazır. Bu ömür payını hərə bir cür  yaşayır. Kimi yaşamaq naminə, kim isə yaşatmaq naminə. Ömrünü  milyonların ömrünə calayan peşə sahiblərindən biri də müəllimlərdir. Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünyaya baxışının, mütəxəssis kimi formalaşması tələbəlik illərindən başlayır. Bu gün  Sumqayıt Dövlət Universitetində savadlı, layiqli insan yetişdirən, adına və peşəsinə hörmət gətirən, həyatını dəyərli işinə həsr edən professor-müəllim heyəti çalışır. Təsadüfü deyildir ki, xalq arasında da belə bir deyim formalaşıb: "Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Bu gün tam əminliklə qeyd edə bilərik ki, yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah bir insan kimi formalaşmasında əvəzsiz xidmətləri olan  Neft kimyası və kimya mühəndisliyi kafedrasının dosentləri  80-ə yaxın elmi əsərin, o cümlədən 15 ixtiranın müəllifi Bəsirə Humay qızı Məmmədova və  100-dən çox elmi əsərin, 20 metodiki göstərişin, 5 dərs vəsaitinin müəllifi olan Rəhilə İsmayıl qızı Məmmədova  ömürlərinin yarım əsrdən artıq bir dövrünü Sumqayıt Dövlət Universitetinə  həsr etmişlər. Bu gün professor - müəllim heyətinin iştirakı ilə onlar Fəxri Fərman və mükafatla təqaüdə yola salındılar.  Müəllimlərimiz onların fəaliyyətinə verilən bu yüksək qiymətə, göstərilən diqqət və qayğıya  görə, ilk növbədə rektor, prof.Elxan Hüseynova dərin minnətdarlıqlarını bildirdilər.
Görüşdə rektor prof.Elxan Hüseynov bildirdi ki, alimlərimizin  ömür yollarına, geniş pedaqoji fəaliyyətlərinə diqqətlə nəzər yetirdikdə görürük ki, onlar universitetimizin inkişafında, tələbələrimizin ixtisaslı kadr kimi formalaşmasında əvəzsiz xidmətlər göstərmişlər. Onların bu xidmətləri daima professor-müəllim və tələbə heyətinin yaddaşında xoş xatirələr kimi xatırlanacaq. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az