Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə “Bilik günü” qeyd olundu
Universitetdə “Bilik günü” qeyd olundu

Sentyabrın 15-də Sumqayıt Dövlət  Universitetində 2017-2018-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir keçirildi.
Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru prof.Elxan Hüseynov yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim və tələbə heyətini təbrik etdi,  onlara təhsildə və əmək fəaliyyətlərində  müvəffəqiyyətlər arzuladı. Son illər Azərbaycan təhsilində qazanılan nailiyyətlərdən və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlardan söhbət açdı.  Bildirdi ki, Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, elmli-intellektuallı və bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə çalışmışdır. Azərbaycanda aparılan davamlı təhsil islahatları, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan məqsədyönlü layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən rektor diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti yarıməsrdən çox tarixi inkişaf yolu keçən, yüksək ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günü - gündən genişləndirən ali təhsil ocağıdır. Prof.Elxan Hüseynov onu da qeyd etdi ki,  universitetin hər üç tədris binasında və Sumqayıt Dövlət Texniki Kollecində təmir-tikinti işləri aparılmış, elmi-tədqiqat işləri yerinə yetirmək üçün laboratoriyalar yenilənmiş, istilik sistemi, yanğın təhlükəsizliyi sistemi və internetlə təchiz olunmuş geniş, işıqlı  auditoriyalar təmir olunmuş və  kitabxana zənginləşdirilmiş, bir sözlə,  gənclərin peşəkar kadr kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır.  Bu da Prezident cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafına, elmi-mədəni dirçəlişinə göstərdiyi qayğının nəticəsidir.  İnanıram ki, universitetimiz  cənab İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlara imza ataraq, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə bir sırada dayanacaqdır. 
Tədbirdə  “Əsrin müqaviləsi” adlanan “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü müqaviləsinin 2050 – ci ilə qədər uğurla uzadılmasının əhəmiyyətindən söhbət açıldı. Bu münasibətlə SDU-nun kollektivi yekdilliklə möhtərəm Prezident cənab İlham Əliyevə təbrik məktubu ünvanladı.
Sonra tədbirdə qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə tələbə biletləri, qiymət kitabçaları  və xatirə hədiyyələri  təqdim edildi.
Universitetin professoru, əməkdar müəllim Həsən Sadıqov, yüksək balla Tarix və coğrafiya fakültəsinə daxil olmuş Günel Rəhimli, magistrantlar adından Gülşən Hüseynzadə, 606 balla daxil olmuş tələbə Nərmin Həmzəyevanın  atası Gülməmməd Həmzəyev valideynlər adından  çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etdilər, təhsilə və gəncliyə göstərilən dövlət qayğısından danışaraq,  müəllim-tələbə heyətinə təhsildə və həyatda uğurlar arzuladılar.
Tədbir universitetin marşı ilə davam etdirildi.
Bu gün eyni zamanda SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində Bilik gününə həsr olunmuş tədbir keçirildi. Kollecin direktoru dos.Mətanət Pirquliyeva  tədbirdə iştirak edən müəllim və tələbələri təbrik etdi, təhsilin inkişafı istiqamətində atılan məqsədyönlü addımlardan və əldə olunan uğurlardan söhbət açdı.  Qeyd etdi ki, ölkəmizin davamlı və dayanıqlı inkişaf strategiyasında təhsil prioritet məsələ kimi həmişə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  diqqət mərkəzindədir. Mətanət xanım onu da bildirdi ki, kollec öz ənənələrini qoruyub saxlamaqla yanaşı, daim yeniliyə çalışır.  Tədbir pedaqoji heyət üzvlərinin çıxışları ilə davam etdi. Çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə müəllim və tələbələrə təbriklərini və xoş arzularını çatdırdılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az