Əsas səhifə | Xəbərlər | Qış imtahan sessiyası sona çatdı
Qış imtahan sessiyası sona çatdı

Sürətli dəyişikliklərin baş verdiyi hazırkı dövrdə, cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, böyük inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsil müəssisəsinin rolu danılmazdır. Bu gün  ali təhsil, sadəcə, yüksək səviyyəli mütəxəssis yetişdirmir, o həm də ölkənin insan kapitalını artırır. İnsan kapitalı dedikdə isə insanın  malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş başa düşülür.  Bu kapitalın xüsusiyyətləri kifayət qədər özünəməxsusdur, o bir insana  məxsus olsa da, eyni zamanda cəmiyyətə məxsusdur. Azərbaycan Republikası Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın  savadı, biliyi  onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” fikri bütün təhsil müəssisələrində,  o cümlədən də Sumqayıt Dövlət Universitetində  uğurla həyata keçirilir. Buna nümunə olaraq universitetimizdə obyektiv, şəffaf həyata keçirilən qış imtahan sessiyasınında bakalavriat səviyyəsində 1051  imtahanda – 3639 nəfər tələbə, magistratura səviyyəsində isə 236 nəfər magistrant 538 imtahanda iştirak etmişdir.
İmtahanların uğurla həyata keçirilməsi üçün universitetdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş müvafiq infrastruktur yaradılmışdır. SDU-nun 2 tədris binasında  imtahan zalları hazırlanmışdır. Semestr ərzində  və qış imtahan sessiyası zamanı toplanılmış ballar tələbələrə yekun qiymət kimi qiymət kitabçalarında qeyd olunmuşdur. İmtahanlarda üzürlü səbəblərdən iştirak etməyən tələbələrə 03.02.2014 – 15.02.2014 tarixlərində  imtahan vermələri üçün, qeyri-kafi qiymət alan tələbələrə isə kredit sisteminin tələblərinə müvafiq olaraq növbəti tədris ilində və yaxud yay semestrində həmin fənnlər üzrə dərslərdə iştirak edərək akademik borclarını ləğv etmələri üçün imkan yaradılacaqdır.
İmtahanların  şəffaf  keçirilməsini təmin etmək məqsədilə rektorun əmri ilə kodlaşdırıcı qrup  və müəllim-koordinatorların siyahısı təsdiq edilmişdir. Hər bir qrupda imtahanın gedişinə iki nəfər müəllim-koordinatorun nəzarət etməsinə baxmayaraq  universitetin rektoru Elxan Hüseynov şəxsən özü imtahan zamanı auditoriyalarda imtahanın gedişində iştirak etmiş, tələbələrin imtahanın gedişi ilə bağlı fikirlərini dinləmiş, xüsusilə fərqlənən tələbələrin gələcəkdə universitetimizdə peşəkar pedaqoji kadr kimi fəaliyyət göstərmələrinə şərait yaradılacağını bildirmişdir.
İmtahan sessiyası ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə əsasnaməyə müvafiq olaraq keçirildi. Payız imtahan sessiyasının gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ həll edilməsini   təmin etmək məqsədilə Universitet üzrə “İnformasiya və kompüter texnikası” kafedrasının müdiri, professor Kazımov Nadir Məhəmmədəli oğlunun rəhbərliyi ilə Appelyasiya komissiyası yaradılmışdır. Tələbələr şikayət və təkliflərini hər iki korpusda qoyulmuş qutulara atır və hər günün sonunda qutular açılaraq şikayət və təkliflər Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Səlimov Şirxan Dadaş oğlunun rəhbərlik etdiyi imtahan qərargahında müzakirə edilirdi.
Təhsil Nazirliyinin qaynar xətt telefon nömrələri hər bir mərtəbədə nəzərə çarpan yerdə divardan asılmışdır.
Tələbələrin yazdıqları imtahan suallarının cavabları kodlaşdırıcı qrup tərəfindən kodlaşdırılaraq imtahan yazılarını yoxlamaq üçün ayrılmış otaqda fənn müəlimləri tərəfindən yoxlanılırdı. İmtahan gününün sonunda tələbələrin qiymətləri onların nəzərinə çatdırılmışdır.
İmtahan sessiyasının sonunda tələbələrin fikirlərini dinlənildi. Tələbələr imtahanların obyektiv keçdiyini bildirməklə yanaşı, imtahanların gedişindən razı qaldıqlarını bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az