Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da“Heydər Əliyevin dövlət gənclər siyasəti” mövzusunda növbəti məşğələ
SDU-da“Heydər Əliyevin dövlət gənclər siyasəti” mövzusunda növbəti məşğələ
Yanvarın 31-də Sumqayıt Dövlət Universitetində Heydər Əliyev Məktəbində “Heydər Əliyevin dövlət gənclər siyasəti” mövzusunda növbəti məşğələ keçirildi. 
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, ölkəmizin tərəqqisində, onun iqtisadi, siyasi, elmi və  mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Doğrudan da cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Bir sözlə, yüksək təhsil almış hər bir gənc həmin dövlətin, xalqın gələcək xilaskarıdır. Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Heydər Əliyev hələ  1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Tez bir zamanda gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədricən daha geniş formada ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. 
Rektor onu da  bildirdi ki, ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Sumqayıt Dövlət Universitetində də Tələbə Gənclər Təşkilatı gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində bir sıra tədbirlər həyata keçirir, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə dövlətçilik ənənələrinə sədaqətin parlaq təcəssümünü nümayiş etdirir. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırır. Gənclərimiz öz savadları ilə Prezident cənab  İlham Əliyevin göstərdiyi etimadı layiqincə doğruldurlar.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi  kafedrasının dosenti, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov “Heydər Əliyevin müasir gənclər siyasəti”, Sumqayıt  şəhər  Gənclər və idman baş idarəsinin rəis əvəzi Mübariz  Bəşirov “Sumqayıt  şəhərində Heydər Əliyevin gənclər siyasətinin təbliğinə dair”, Azərbaycan dili və dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nemət  İbayev “Azərbaycan gəncliyinin könüllülük hərəkatı”, Pedaqogika və psixologiya kafedrasının baş  müəllimi, psixologiya  üzrə  fəlsəfə doktoru Sevər Mirzəyeva  “İlham Əliyev Heydər Əliyevin gənclər siyasətinin  davamçısıdır”, Fizika və elektroenergetika fakültəsinin  III kurs tələbəsi Nicat  Hüseynov  “Tələbə gənclər təşkilatı Heydər Əliyev ideyalarının təbliğatçısı kimi” mövzularında çıxış edərək ümummilli liderin keçdiyi şərəfli ömür yolundan və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin gənclərlə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətdən danışdılar.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az