Fevral ayının  20-də Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin və Bədən  tərbiyəsi və idman kafedrasının təşkilatçılığı ilə universitetin əməkdaşları  arasında fakültələrarası üç idman növü üzrə keçirilən yarışların qalibləri  mükafatlandırıldı.
  Universitetin rektoru Elxan Hüseynov tədbiri açaraq iştirakçıları  salamladı və onları təbrik etdi.   Bildirdi ki, son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı geniş  vüsət almışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 20 ildən artıq bir  zamanda müstəqilliyini qazanan gənc bir dövlətin idman sahəsində də əldə etdiyi  nailiyyətlər yüksək səviyyədədir. Artıq elə bir mötəbər yarış yoxdur ki,  idmançılarımız orada ölkəmizi layiqli şəkildə təmsil etməsinlər,  medal və  mükafatlar gətirməsinlər. Təbii ki, bütün bunlar Azərbaycanda idmana dövlətin  göstərdiyi hərtərəfli qayğı sayəsində mümkün olmuşdur. Bütün  bunların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident  İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir. Məhz elə  buna görə də 2015-ci ildə Avropa Olimpiya Oyunları kimi mötəbər bir yarışa ev  sahibliyi etmək kimi məsuliyyətli iş Bakıya həvalə edilmişdir. İlham Əliyevin  31 iyul 1997-ci il tarixində Milli Olimpiya Komitəsinin prezidenti  seçilməsindən sonra başlanmış, düşünülmüş və uzaqgörən siyasətin nəticəsi  olaraq ölkəmizdə idmana diqqət daha da yüksəlmişdir. Sonrakı illər ərzində  Azərbaycanda idman sahəsində ciddi nailiyyətlər əldə edilmiş, bu sahənin  inkişafına diqqət daha da artırılmışdır. Ölkəmiz nəinki öz iqtisadi inkişafı, o  cümlədən, strateji və mədəni perspektivləri ilə dünyada xüsusi yer tutmuşdur.  Beləliklə,  Azərbaycan həm idman üzrə uğurları ilə, həm də dünya və Avropa  səviyyəli çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq  yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. 
  Onu da qeyd edək ki, son bir il ərzində Sumqayıt Dövlət Universitetində  elm və təhsil sahəsində aparılan islahatlar ilə yanaşı, idman sahəsində də  böyük uğurlara imza atılmışdır. Belə ki, fevral ayının 5-12 tarixlərində universitetimizin  əməkdaşları arasında üç idman növü üzrə (dama, şahmat, nərd)  yarışları keçirilib. Həmin yarışlarda  fakültələr komanda şəklində gərgin və maraqlı mübarizə aparmış, nəticədə isə  dama üzrə Riyaziyyat fakültəsi, şahmat üzrə İqtisadiyyat və idarəetmə  fakültəsi, nərd üzrə isə Filologiya fakültəsi I yeri tutmuşlar.
  Rektor qalib komadaları təbrik etdi, onları qiymətli hədiyyələr və pul  mükafatı ilə təltif etdi.
Mətbuat xidməti