Əsas səhifə | Xəbərlər | SDU-da “Əsgər əmanəti” adlı tədbir keçirildi
SDU-da “Əsgər əmanəti” adlı tədbir keçirildi
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbənin iki ili tamam olur. Bu münasibətlə aprelin 5-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya, Riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə “Əsgər əmanəti” devizi altında  Azərbaycanın şanlı aprel qələbəsinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Rektor professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq iki il bundan öncə aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırdı. Bildirdi ki, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. İşğalçı ordu atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutdular. Bu təxribatçı hücumun qarşısı mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikası rəşadətlə məhv edildi, düşmən qorxu içində geri çəkildi. 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Rektor onu da diqqətə çatdırdı ki, Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Aprel döyüşlərinin təbliği ilə bağlı SDU-da mütəmadi olaraq tədbirlər keçirilir. Müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən universitetimizin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşuldular. Tələbələrimiz əsgərlərimizin yanında olduqlarını nümayiş etdirmək üçün universitetin həyətində ordumuza dəstək mitinqi keçirdilər. Rektor onu da qeyd etdi ki, Aprel döyüşlərində universitetimizin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhid olan məzunumuzun xatirəsi universitet əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulur, onun qəhrəmanlığı gələcək nəslə nümunə kimi təbliğ olunur. Şəhidlərimiz bizim qürurumuz və fəxrimizdir. Xalqımız bu tarixi qürurla anır. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Aprel döyüşləri Azərbaycanın şanlı tarixidir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək". 
Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarını işğaldan azad edə bilər. 
Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Teymur Aslanlı “Döyüş alnımıza yazılıb”, Aidə Əsədova “Dünənimiz, bugünümüz və gələcəyimiz”  və II kurs tələbəsi Ceyhun Əsgərov “Mübariz xalq” mövzularında çıxış edərək  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri haqqında danışdılar. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən tələbələr tezliklə işğal altında olan torpaqlarımızın qaytarılacağına əminliyini bildirdilər.
Tədbirdə tələbələrin ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa olundu, aprel döyüşləri ilə bağlı videoçarxlar nümayiş etdirildi, səhnəciklər göstərildi.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az