Əsas səhifə | Xəbərlər | Universitetimizdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan anım tədbiri keçirildi
Universitetimizdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan anım tədbiri keçirildi

Fevralın 25-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə  Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi keçirildi.
Universitetin rektoru Elxan Hüseynov Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 23 illik faciəsini özündə əks etdirən tablolara baxış zamanı o müthiş gecəni ürək ağrısı ilə xatırladı:  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırım törətmişlər. Şəhər darmadağın edilmiş və talanmış, dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüş və işgəncələrə məruz qoyulmuşdur. Rektor  o faciəni unutmamaq üçün bu cür tədbirlərin keçirilməsini əhəmiyyətini vurğuladı və qeyd etdi ki, universitetimizin saytında ermənilər tərəfindən tarix boyu  azərbaycanlıların başına gətirilən faciələri, soyqırımları əks etdirən xüsusi bölmə ayrılmışdır. Universitetimizdə  çalışan hər bir kəsin milli və mənəvi borcudur ki,  başımıza gətirilən bu müsibətləri dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlindən gələni əsirgəməsin.
Sərgiyə baxış zamanı universitetin Kimya və biologiya fakultəsinin II kurs tələbəsi Rusif Səfərlinin çəkdiyi əsər rektor Elxan Hüseynovda dərin iz buraxaraq mənfur Serj Sarkisyanın müsahibəsini xatırlatdı: “Biz azərbaycanlıların inanmadığı bir işi gördük, biz stereotipi dağıtdıq, dinc xalqa qarşı əl qaldırdıq” – deyə bir bəyanat verdi. Bunların hamısı göstərdi ki, biz çox təhlükəli, qaniçən, heç bir beynəlxalq qanunları tanımaq istəməyən bir düşmənlə birlikdə qonşu yaşamışıq və buna görə çox təssüf keçirirəm.
Davamlı olaraq Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş, hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.
Rektor onu da vurğuladı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası dünya ictimaiyyətinə bu soyqırımına siyasi-hüquqi qiymət verilməsinin vacibliyini isbat etmişdir. “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir.
Rektor bu sərgini təşkil etdiyinə görə Tələbə Elmi Cəmiyyətinin sədri İslam Paşayevə və TEC-nin şurasının sədri Nurlan Səmədliyə  təşəkkür   etdi.
Tələbə Elmi Cəmiyyətinin sədri, dosent İslam Paşayev sərgidə nümayiş olunan  Sumqayıt şəhər Uşaq və Yeniyetmələr Yaradıcılıq Mərkəzinin “Təsviri -incəsənət” dərnəyinin üzvlərinin və universitetimizin tələbələrinin birgə rəsm əsərləri barədə ətraflı məlumat verdi.  Bildirdi ki, sərgini keçirməyimizdə məqsədimiz gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına xidmət etməkdir.
Tədbir universitetin böyük akt zalında davam etdirildi. Xocalı soyqırımında həlak olmuş insanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra universitetin tələbələrinin ifasında “Xocalı” ədəbi-bədii kompozisiyası  nümayiş olundu.Tamaşanın rejissoru Vaqif İbrahimov, musiqi tərtibatçısı Zaur Səfərovdovdur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az