Fevralın 27-də Sumqayıt Dövlət   Universitetində qış imtahan sessiyasında yüksək bal toplayan birinci kurs  tələbələri ilə görüş keçirildi. 
  Görüşdə universitetin rektoru Elxan Hüseynov gəncləri təbrik etdi  və  onlara elmi fəaliyyətlərində uğurlar arzuladı. Qış imtahan sessiyasının yekun  nəticələri barədə tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov məlumat verdi.
  Dosent  İsabal Qurbanov qış imtahan sessiyasında  yüksək bal toplayan tələbələrin  adlarını elan etdi və bildirdi ki, bu il tələbələrin dərsə davamiyyətləri  müsbət, qiymət nəticələri məqbul hesab olunur. Universitetimizə yüksək balla  qəbul olmuş tələbələr özlərini qış imtahan  sessiyasında da doğrultdular.
  Rektor Elxan Hüseynov çıxışında bildirdi ki,  ölkəmiz boloniya sisteminə qoşulmaqla  ölkədə  təhsilin keyfiyyətinin daha da  artmasını təmin etmək, təhsilimizi avropa ölkələrinin  təhsilinə uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri öz üzərinə götürüb. 
  Ümumiyyətlə, bilirik ki, Azərbaycan  Avropa ölkələrinə inteqrasiya olunur və  burada təhsil  ən önəmli sahələrdən biridir. Bu gün Avropada  demək olar ki, sərhədlər yoxdur   bu sistem  Avropa təhsilində mövcüd olan sərhədlərin  silinməsinə gətirib çıxarıb.  Sistemin bir neçə  pillələləri var ki, bura diplomların  tanınması, tələbələrin bir universitetdən  digərinə  problemsiz  köçürülməsi  və digərləri daxildir. 
  Bəzən ölkə gənclərindən biri hansısa  xarici ölkədə iş yeri tapdıqda təhsilləri ilə bağlı müəyyən  problemlərlə üz-üzə qalırdı. Lakin yeni sistemə keçidlə bu problemin qarşısı alındı. Hazırda hər bir ölkə gənci öz gələcəyini xarici ölkədə qurmaq istəyərkən onun qarşısında  belə sərhədlər qalmır ona görə ki, yeni sistemlə bir universitetdən  digərinə rahat şəkildə  keçmək olur.
  Bu sistemə keçid ümumdünya təhsil sisteminə qovuşmaq deməkdir. Dünyada müəyyən təhsil standartları var o standartlar bu sistemdə daha qabarıq, səmərəli formada özünü göstərir. Ona görə də  Azərbaycan təhsil sahəsində aparılan islahatların 
  gedişində boloniya sisteminə inteqrasiya olunmağa üstünlük verdi. Boloniya sisteminin şübhəsiz ki, müəyyən üstünlükləri var. Məsələn daha operativ, müasir 
  biliklər  almaq, eyni zamanda təlimin,tədrisin keyfiyyətini  yaxşılaşdırmaq və digər baxımdan bu sistemin geniş imkanlar açdığını görmək mümkündür. 
  Rektor  qeyd etdi ki, yaxşı oxuyan tələbələrə şəxsən özüm və professor-müəllim heyəti  tərəfindən hər cür köməklik etməyə hazırıq. Siz tələbələrin də üzərinə düşən ən  böyük məsuliyyət tədris prosesində əldə etdiyinz bilik və savadınızla   Avropa təhsil sistemində, əmək bazarında layiqli yer tutmaqdır. 
  Bu gün Təhsil naziri Mikayıl Cabbarovun dəstəyi sayəsində  bu  ali təhsil ocağı yenilənmiş,    maddi-texniki bazası   gücləndirilmişdir. Son bir ildə burada siz tələbələr üçün bir çox şərait  yaradılıb. Qeyd edim ki, universitetimizi sürətli internetlə təmin etmək  məqsədilə optik kabel çəkilmiş, geniş lokal şəbəkə yaradılmışdır. Bu da, öz  növbəsində, videokonfransların və distant təhsilin daha etibarlı şəkildə  aparılmasına geniş imkanlar yaradır. Bundan başqa 37 auditoriyada proyektorlar  quraşdırılmış, ağıllı  elektron lövhələr yerləşdirilmişdir. Tədrisin  keyfiyyətinin artırılması üçün kitabxananın müasir səviyyədə qurulması və  zənginləşdirilməsi də olduqca vacibdir. Son dövr ərzində respublika milli  kitabxanasından və digər qurumlardan 3000-nə yaxın dərs vəsaiti və digər tədris  ləvazimatları alınmışdır. Hazırda isə elektron kitabxana sistemi yaradılmışdır.  Mən hesab edirəm ki, siz tələblərin əsas borcu  sizə yaradılan şəraitdən  lazımınca yararlanmağınızdır.
  Rektor onu da bildirdi ki, siz  ali məktəbə test üsulu ilə qəbul olunursunuz, lakin  semestr imtahanları monitorinq yolu ilə keçirildiyindən əksəriyyətiniz  imtahan zamanı  həyəcan keçirdiyinizi səbəb gətirirsiniz.  Bununla əlaqədar olaraq qərara aldıq ki, test imtahanı verdikdən sonra kafi  qiymət alan tələbələr üçün əlavə olaraq şifahi imtahan verməklə tədris zamanı  əldə etdiyiniz  bilik və savadınızın  sayəsində qiymətlərinizi yüksəltməyə nail olasınız. 
Sonda tələbələrin sualları  cavablandırıldı və tələbələr  onlara belə  bir şəraiti yaratdığına  görə SDU-nun  rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Mətbuat xidməti