Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şagirdlər SDU-da ekskursiyada oldular
Şagirdlər SDU-da ekskursiyada oldular
Mayın 5-də Sumqayıt Dövlət Universitetində “Açıq qapı” günü keçirildi. Xırdalan  şəhər 1 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri universitetin Kimya və biologiya fakültəsində oldular. Fakültənin dekanı dosent Mahal Muradov şagirdləri qəbul etdi, gənc nəslin karyerasını müəyyən etməsində, düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilən görüşü yüksək dəyərləndirdi. Qeyd etdi ki,  müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsildir. Məhz təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət daşıyır. Müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən səmərəli üsulla və qısa müddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğurlar qazanmışlar. Müstəqil ölkəmizin sürətli qlobal inkişafı və bu inkişafın mühüm sahələrindən olan təhsilin inkişafı istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı uğurlara imza atılmışdır. Bu gün Sumqayıt Dövlət Universiteti dünyanın bir çox aparıcı elm ocaqları ilə sıx əməkdaşlıq edir, ikili diplomların verilməsi, tələbə-müəllim mübadiləsi, universitetlərin birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uğurlu layihələr gerçəkləşdirir. Bu da, əlaqələrin inkişafına mühüm təkan verir. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə qarşılıqlı əlaqələrimiz inkişaf edir və universitetimizin PMİ-də  “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılmışdır. Nəticə etibarilə də kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrimiz həmin  müəssisələrdə təcrübə keçir, gələcəyin ixtisaslı kadr potensialı kimi formalaşırlar.  Tələbələrin uğurları ilə bağlı məlumat verən dosent Mahal Muradov onu da  qeyd etdi ki, hər il Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu müəsissələrindən olan “Petkim Petrokimya Holdinq”də istehsalat təcrübəsində olurlar. Eyni zamanda tələbələrimiz Rusiyanın Pskov Dövlət Universitetində,  Ufa Dövlət Neft Texniki Universitetində təşkil olunan konfranslarda fəal iştirak edirlər.
Sonda şagirdlər universitin tədris binalarına ekuskursiya etdilər. Gəzinti zamanı universitetin Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələrində, auditoriyalarında, laboratoriyalarında, TEMPUS otağı, kitabxana və tədris otaqlarında, Kompüter və İnformasiya Mərkəzində,  Linqvistik Mərkəzdə, İdman zalında oldular. 
Həmçinin universitetin həyətində inşa edilən şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulan köşklərlə və burada yaradılan şəraitlə yaxından tanış oldular.
Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırıldı. Onlara universitet haqqında geniş məlumat verildi və broşürlər təqdim edildi. Xırdalan  şəhər 1 saylı tam orta məktəbin metodisti, kimya müəllimi Tünzalə Hüseynova bugünkü görüş üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını ifadə etdi, dekan dosent Mahal Muradova təmsil etdiyi məktəbin müəllim və şagirdləri adından təşəkkürnamə diplomunu təqdim etdi.
Universitetlə tanış olan şagirdlərin hər biri SDU-nun tələbəsi olmaq arzusunda olduqlarını dilə gətirdilər. Məktəblilər universitetdən xoş təəssüratlarla ayrıldılar.
Qeyd edək ki, şagirdlərin universitetlə tanışlığı silsilə şəklində davam edəcək.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az