Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fənləri üzrə fənn olimpiadasının qalibləri mükafatlandırıldı
Kimya və biologiya fənləri üzrə fənn olimpiadasının qalibləri mükafatlandırıldı

Mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Bu günün şagirdi sabahın alimidir” devizi altında Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə fənn olimpiadalarının qalibləri mükafatlandırıldı. 
Rektor professor Elxan Hüseynov qalibləri  universitetin Heydər Əliyev Mərkəzində qəbul etdi. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Bu günün şagirdi sabahın alimidir” devizi altında təşkil olunan olimpiadada qazandığınız mükafat onların xatirəsində böyük iz qoyacaq. Rektor çıxışında onu da bildirdi ki, Ulu öndər hakimiyyətdə olduğu bütün dövr ərzində ölkədə elm və təhsilin inkişafına həmişə diqqət yetirmiş və bu istiqamətdə mühüm işlər görmüşdür. Ümummilli lider təkcə təhsil sahəsinə deyil, ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirirdi. Bu gün Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə təhsilimizin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirir, eyni zamanda sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır. Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri olan, cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində uğurlu addımlar atır, beynəlxalq əlaqələrini daha da genişləndirir, kadr potensialını gücləndirilməsi istiqamətində  böyük layihələrə imza atır. Sumqayıt Dövlət Universiteti dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir.  İnanıram ki, siz də gələcəkdə Sumqayıt Dövlət Universitetinin tələbəsi olaraq bu adı şərəflə daşıyacaqsınız.
Rektor qalib şagirdləri mükafatlandırdı. Şagirdlərin bu uğurlarına görə müəllimlərinə və Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələrinə təşəkkürünü bildirdi. 
Qeyd edək ki, olimpiadada ümumilikdə 124 şagird iştirak etmişdi. 

 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az