Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dilimizin tarixinə işıq tutan alim- Hadi Mirzəzadə 110
Dilimizin tarixinə işıq tutan alim- Hadi Mirzəzadə 110
Mayın 12-də Filologiya fakültəsinin təşkilatçılığı ilə dilçi alim Hadi Mirzəzadənin anadan olmasının 110-cu ildönümünə həsr olunmuş “Dilimizin tarixinə işıq tutan alim” adlı yubiley tədbiri keçirildi. Tədbirdə universitetin professor – müəllim və tələbə heyəti ilə yanaşı, mərhum alimin övladları: Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Dillər kafedrasının müdiri Çimnaz xanım və Afət xanım Mirzəzadələr iştirak etdilər. 
Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qonaqları salamladı, belə tədbirlərin keçirilməsinə şərait yaratdığı üçün universitetin rektoru professor Elxan  Hüseynova minnətdarlığını bildirdi və ürək sözlərini bölüşməsi üçün alimin qızı Çimnaz Mirzəzadəyə söz verdi. Çimnaz xanım Hadi Mirzəzadə yaradıcılığına göstərilən bu dərin hörmət və ehtirama görə rektor professor Elxan Hüseynova və tədbirin təşkilatçılarına təşəkkür etdi. 
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Böyükxanım Eminli, kafedranın professoru Aslan Bayramov da çıxışlarında dəyərli alimi yad edərək tədbirin təşkilatçılarına təşəkkür etdilər. 
Fakültənin tələbələri: Ülvi Sadıqov, Elmira Yaqubova, Elvira Əziyeva, Qəmər Mahmudova, Saqi Alıyev, Tamella Abbasova, Şərqiyyə Məmmədova, Həbib Bayramlı, Ayşən Ağabalayeva, Şəmsiyyə Dadaşova və Yunis Zeynalov Azərbaycan dili tarixinin ilk araşdırıcılarından olan Hadi Mirzəzadənin bu sahədə apardığı tədqiqatlar,  elmi əsərləri haqqında geniş məlumatlar verdilər. Eyni zamanda Hadi Mirzəzadənin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirildi. 
Tədbirdə diqqəti cəlb edən ən maraqlı məqamlardan bir 992a qrupunun tələbəsi Həbib Bayramovun Mirzə Hadinin və kiçik qəhrəmanlar: Aysu Mirkişili, Mələk Musayeva və  Xəyyam Qasımlının alimin övladlarının obrazlarını canlandırması oldu.
Sonda Xəyyam Qasımlının və Həsən Həsənzadənin ifalarında Bayatı-şiraz muğamı, Ayna Yadigarovanın ifasında musiqisi Xəyyam Mirzəzadəyə, sözləri  Elnarə Əhmədovaya məxsus olan “Unutmarıq” mahnısı səsləndirildi. 
Tədbirdən sonra universitetin rektoru professor Elxan Hüseynov qonaqları və təşkilatçıları qəbul etdi. Rektor Çimnaz və Afət Mirzəzadələrə universitetimizə təşrif buyurduqları üçün təşəkkürünü bildirdi. Çimnaz xanım Hadi Mirzəzadənin müəllifi olduğu kitabları rektora hədiyyə etdi. Elxan Hüseynov həmin kitabların universitetin kitabxanasında saxlanması və elektron variantlarının tələbələrin və professor-müəllim heyətinin ixtiyarına verilməsi barədə göstəriş verdi. Görüşdə rektor Afət xanıma və Çimnaz xanıma universitetimizin rəmzlərini əks etdirən xüsusi hədiyyələri təqdim etdi, təşkilatçılara isə belə tədbirlərin davamlı olmasını arzuladı. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az