Fevralın 27-də Universitetin kitabxanasında  Sumqayıt hadisələrinin 27-ci ildönümü ziyalıların gözündə müzakirə olundu.
  Tədbiri  Universitetin prorektoru, dosent Nizami  Namazov açaraq 1988-ci il fevralın 28-də baş vermiş bu hadisənin Azərbaycan tarixində çox böyük fəlakətlərə gətirib çıxardığını söylədi. Çünki məhz həmin hadisədən sonra ermənilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məkrli niyyətləri daha da fəallaşır. Eyni zamanda, Sumqayıt hadisələri həm də SSRİ miqyasında yeni bir prosesin başlanğıcı oldu. Ermənilərin və erməni diasporunun həmin hadisələrdən fəal şəkildə istifadə etmələri ona gətirib çıxardı ki, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məhz bu kontekstdən məlumat alırdı.
  Bütün bu hadisələr bizim üçün bir dərs oldu. Həmin hadisələr xüsusi xidmət orqanlarının, erməni diasporunun gördüyü işlər, Azərbaycana qarşı yönəlmiş təxribat zəncirinin bir halqası idi. Bu hadisələrə dünya ictimaiyyəti tərəfindən obyektiv qiymətin verilməsi ilə bağlı işlər görülüb və bu işlər davam etməkdədir.  Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Eyruz Məmmədov  və Ramazan Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən “Sumqayıt  1988: cinayət və cəza” adlı kitab xüsusi əhəmiyyətə    malikdir. 
  Kitabın həm tarixi, həm də mənəvi dəyərlərindən bəhs  edən prorektor Nizami Namazov onu da bildirdi ki, bu kitabda Sumqayıt hadisələrinin  dövrün digər analoji prosesləri ilə müqayisədə işıqlandırılması çox təqdirəlayiqdir.  Sevindirici haldır ki, müəlliflər tərəfindən müxtəlif siyasi sənədlər, dövrü mətbuat  yazıları, xatirələr, cinayət işi ilə bağlı ayrı-ayrı faktlar dövrün siyasi mənzərəsi  kontekstində sistemləşdirilib.
  Tədbirdə iştirak edən əməkdar  jurnalist Eyruz Məmmədov “SUMQAYIT 1988: CİNAYƏT VƏ CƏZA”   kitabının  hazırlanmasında əsas məqsədin Sumqayıt hadisələri haqqında həqiqətləri dünya  ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu söylədi. Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil  edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə  edilib. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda  talanlar etmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında,  əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi  iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan  ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli  içkilər və psixotrop preparatlar paylaması barədə ifadələr var idi. Lakin bu məlumatlar  SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmırdı. Əksinə, kütləvi  iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır  edilirdi. Azərbaycanın hüquq mühafizə orqanlarının sorğularına Ermənistandan və  Moskvadan mücərrəd, heç bir informasiya mənbəyi olmayan cavablar göndərilirdi,  Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış  tədbirlərinin keçirilməsinə imkan verilmirdi. Belə şəraitdə talanların kimlər tərəfindən  təşkil edilməsi, Sumqayıt iğtişaşlarının arxasında kimlərin olmaları ilə bağlı əsas  suallar cavabsız qalmışdı. 
  Tədbirdə  Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov çıxışında  bildirdi ki, hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv  aparılmamış, hadisələrin əsl mahiyyəti açılmayıb, faktiki olaraq gizlədilib,  cinayətlərin bütün iştirakçıları müəyyən edilməyib, cinayətin baş vermə səbəb və  şəraiti qətiyyən araşdırılmayıb. Bütün bunlar Sumqayıt hadisələrinin yenidən  araşdırılması zərurətini yaradıb.
  Professor onu da vurğuladı ki, cinayətin təşkilatçılarını məsuliyyətə  cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün  hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində  törədilmiş kütləvi ixtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmiş və  istintaqın hərtərəfli aparılması üçün Baş prokurorun birinci müavininin rəhbərliyi  ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli  əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
  Aparılmış istintaq nəticəsində Sumqayıt  hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçiləri  Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük  Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin  olması müəyyən edilib.
Tələbələrə xüsusi olaraq müraciət edən  Elm və innovasiyalar üzrə prorektor,  professor Ramazan Məmmədov söylədi ki, bu günə qədər  itirdiklərimizi qaytarmaq naminə hər kəs öz tarixini bilməlidir, bilmirsə  öyrənməlidir. Biz bunları unutsaq, sabah çox şeydən məhrum ola bilərik sözləri  ilə tələbələrə müraciət etdi. Bu tədbiri  keçirməkdə məqsədimiz siz tələbələri  ermənilərin əsirlər boyu 1905, 1918,1990-cı illərdən bu günə kimi başımıza  gətirdikləri müsibətləri və bunların ən ağrılısı olan və hələdə haqq-ədalətini  tələb etdiyimiz Xocalı faciəsini  və  Sumqayıt hadisələrini unutmamasıdır.
Mətbuat xidməti