Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Sabahın alimləri" müsabiqəsinin qalibləri ABŞ-da uğur qazandılar
"Sabahın alimləri" müsabiqəsinin qalibləri ABŞ-da uğur qazandılar

 Mayın 13-dən 18-dək Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirildi. Beynəlxalq sərgiyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatıldı.   Azərbaycanı bu nüfuzlu müsabiqədə cari ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri  - Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə,  Cavid Hüseynzadə və Ceyla Hüseynzadə  kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə təmsil etdilər.
Qeyd edək ki, bu müsabiqədə Azərbaycan komandasına Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm sektorunun müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Hacıyev və Sumqayıt Dövlət Universitetinin Elmi hissənin müdiri, müsabiqənin Elmi Ekspertiza Komitəsinin sədri,  dosent Samir Orucov rəhbərlik etdilər.Layihələrdən ikisi - Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında UNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən  1000 ABŞ dolları məbləğində mükafata layiq görüldülər.
Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini adətən “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırırlar. Təsadüfi deyil ki, 20-dən çox Nobel mükafatı laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak edib və qalib olublar. Qeyd edək ki, müsabiqənin ən böyük mükafatı olan 75 min ABŞ dolları məbləğində “Qordon Mur” mükafatının sahibi  avstraliyalı məktəbli  Oliver Nikols oldu.
Ölkəmizi bu sərgidə təmsil edən məktəblilər “Sabahın  alimləri” müsabiqəsində seçilir. Cari ilin fevral ayında təşkil olunan müsabiqənin  ölkə turunda ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə iştirak etdi. İştirakçıların 40 faizini region məktəbliləri təşkil etdi, 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 oldu.
Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə 8 kateqoriya üzrə seçildi. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görüldü. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olundu.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az