Əsas səhifə | Xəbərlər | SDU-da xalq yazıçısı Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Bir ömrün manifesti”adlı tədbir keçirildi
SDU-da xalq yazıçısı Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Bir ömrün manifesti”adlı tədbir keçirildi
Mayın 30-da Sumqayıt Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Bir ömrün manifesti”adlı  tədbir keçirildi.
Tədbirdə Mir Cəlalın yetirmələri, ədəbiyyatşünas-alimlər Təhsin Mütəllimov, Abdulla Abbasov,  İfrat Əliyeva, Cəlil Nağıyev iştirak etdilər.
SDU-nun rektoru professor Elxan Hüseynov qonaqları və tədbir iştirakçılarını salamladı, böyük ədib Mir Cəlal Paşayevin zəngin irsindən, Azərbaycan elminin, təhsilinin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərindən bəhs etdi, görkəmli alimin yubiley tədbirlərinin ölkəmizdə və xaricdə qeyd olunmasını Azərbaycan ədəbiyyatına, ziyalısına verilən yüksək dəyər kimi qiymətləndirdi. Bildirdi ki, XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus yer tutan böyük ədib Mir Cəlal Paşayev bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edib. Onun hekayələri, romanları və digər janrlarda olan əsərləri həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Rektor onu da vurğuladı ki, Mir Cəlal Paşayev həmişə xalqımızın yaddaşında görkəmli alim, böyük yazıçı, pedaqoq və  əsl ziyalı kimi xatırlanacaq. Çünki onun  yazdığı əsərlər hər dövr üçün aktualdır və sevilərək oxunur.
Tədbirdə Mir Cəlalın yetirmələri, ədəbiyyatşünas-alimlər Təhsin Mütəllimov, Abdulla Abbasov, İfrat Əliyeva, Cəlil Nağıyev çıxış edərək ədiblə bağlı xatirələrini bölüşdülər. Qeyd etdilər ki,  Mir Cəlal sayı-hesabı bilinməyən böyük bir filoloq ordusunun yetişməsi və formalaşmasında mühüm rol oynayan əsl müəllim idi. Həmçinin çox gözəl realist yazıçı idi. Mir Cəlalın özünəməxsus, bənzərsiz fərdi üslubu, yazı tərzi var. Bu mənada onu kimsəyə bənzətmək mümkün deyil. Amma Mir Cəlalı ədəbi prinsipinə, həyatı təsvir  üsulu və metodlarına görə  Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi XX əsr realistlərinin davamçısı saymaq olar. Ədib əsərlərin başlıca bədii məziyyəti ondan ibarətdir ki, hansı quruluşda yazılmasından asılı olmayaraq, həyat həqiqətini ifadə edir və xalqının rəğbətini qazanır.
Sonra SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Mir Cəlal və milli-mənəvi dəyərlərimiz”, professor Rafiq Əliyev “Qüdrətli ədəbiyyatşünas və  hekayələr ustası” mövzularında məruzə ilə çıxış edərək  görkəmli alimin keşməkeşli ömür yolundan söz açdılar. Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs etdilər.
Tədbirdə tələbələrin ifasında Mir Cəlal Paşayevin müəllifi olduğu “İtə ataram, yada satmaram” əsərindən səhnəcik təqdim olundu. Xalq yazıçısı Mir Cəlalın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi. 
Tədbirin sonunda professor Avtandil Məmmədovun Mir Cəlal Paşayevin xatirəsinə həsr etdiyi “Müəllimlərin müəllimi” adlı şeiri səsləndirildi.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az