Əsas səhifə | Xəbərlər | SDU- da IV Tələbə Elmi konfransı öz işinə başladı
SDU- da IV Tələbə Elmi konfransı öz işinə başladı
Mayın 31-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş IV Tələbə Elmi konfransı öz işinə başladı.
Əvvəlcə konfrans iştirakçıları Böyük akt zalının foyesində IV Tələbə Elmi konfransında yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış oldular.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq Azərbaycanda elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini, bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və gənclərin yüksək bilik əldə etmələrinə dəstək verdiyini vurğuladı. Belə konfransların keçirilməsinin tələbələrin elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini diqqətə çatdıraraq, tələbələrin elmi-tədqiqat işlərinə istiqamətlənməsində Tələbə Elmi Cəmiyyətinin böyük əhəmiyyətindən bəhs etdi. TEC-in təşkilatçılığı ilə keçirilən tədbirlərin rolunu yüksək qiymətləndirən rektor bunun nəticəsində tələbələrimizin universitet daxili və universitetdənkənar müxtəlif tədbirlərdə qazandıqları uğurların gündən-günə artdığını xüsusi qeyd etdi. Bildirdi ki, Tələbə Elmi Cəmiyyətinin üzvləri respublika və beynəlxalq səviyyəli mötəbər konfranslarda fəal iştirak edərək uğurlu nəticələr əldə edirlər. Rektor çıxışının sonunda hər bir gənci cəmiyyətin təşkil etdiyi tədbirlərdə daha fəal olmağa çağıraraq iştirakçılara uğurlar arzuladı.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək konfransın gənc alimlərin elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını və bu sahədə gənclərin üzərinə böyük vəzifələrin düşdüyünü bildirdi. O, həmçinin qeyd etdi ki, belə konfranslar elm, təhsil xalqın və universitetin rifahının yüksəldilməsinə xidmət edir.
Tələbə Elmi Cəmiyyətinin rəhbəri Lalə Bunyatova TEC-in əsas fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görülən işlər barədə hesabatla çıxış etdi. Qeyd etdi ki,  bu tədris ilində böyük uğurlar əldə olunub. Belə ki, oktyabrın 18-19-da Başqırdıstanın paytaxtı Ufa şəhərində Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) təşkilatçılığı ilə “Təhsil elm və mədəniyyət sahələrində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda II Forum keçirilmişdir. Forumda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsissələrindən  yalnız Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak edərək diplom və müxtəlif hədiyyələrlə təltif olunmuşdular. Ümumiyyətlə, Sumqayıt Dövlət Universitetində tələbə-müəllim mübadiləsi uğurla gerçəkləşir. Belə ki, 2017-ci ilin noyabrında Ufa Dövlət Neft Texniki Universitetinin tələbələri SDU-da olmuş, Kimya və biologiya fakültəsinin tələbələri ilə birgə elmi müzakirələr aparmışdılar. Mayın 19-dan 26-dək Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi dekan dosent Mahal Muradovla  Ufa Dövlət Neft Texniki Universitetində “Kimya sənayesinin proses və aparatları” fənnindən II Beynəlxalq olimpiadada iştirak edərək universitetimizi layiqincə təmsil etmişdilər.                            Universitetimiz Ufa Dövlət Neft Texniki Universiteti ilə yanaşı, Köln Texniki (Almaniya ), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Kazan Dövlət Energetika (Qazaxıstan), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Bir sözlə, universitetimizin beynəlxalq əlaqələri inkişaf etdikcə tələbələrimizin də uğurları artmaqda davam edir. TEC-in fəal üzvlərindən olan Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Eltun Uğurlu universitetimizin əməkdaşlıq etdiyi “Mövlanə Mübadilə Proqramı”na müraciət edərək Türkiyənin Sakarya Dövlət Universitetində altı aylıq təhsil almaq hüququnun qazanmışdır.  Təkcə 2018-ci ilin aprel-may aylarında TEC-in xətti ilə tələbələrimiz respublikada fəaliyyət göstərən təhsil müəssisələrində keçirilən konfranslara 54 tezis, Beynəlxalq konfranslara isə 11 tezis göndərmişlər.
Lalə Bunyatova  çıxışının sonunda əminlikə vurğuladı ki, qazandıqlarımız gələcəkdə hədəf aldığımız naliyyətlər üçün sadəcə kiçik bir zəmin rolunu oynayacaq.
Sonra tələbələrin mükafatlandırma mərasimi keçirildi. 
Qeyd edək ki, konfransa 23 bölmə üzrə 133 tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az