Martın 3-də Sumqayıt Dövlət  Universiteti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə  Mirzə Ələkbər Sabir Fondunun prezidenti, M.Ə.Sabirin nəvəsi, dosent Sevda  Tahirlinin “Qanımızın səsi” kitabının təqdimat mərasimi     keçirildi.
  Tədbiri  açan universitetin prorektoru, dosent  Nizami  Namazov  iştirakçılara mərasim haqqında  məlumat        verdi.  Vurğuladı ki,  Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikamızda ən böyük sosial bazaya  malik olan QHT-lərdən biri kimi beynəlxalq hərəkatın fundamental prinsiplərini  rəhbər tutaraq Beynəlxalq Humanitar Hüquq normaları çərçivəsində insansevərlik  və xeyirxahlıq, mərhəmət və humanizm prinsipləri əsasında əhalinin aztəminatlı  təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə,  qaçqın və məcburi köçkünlərə, bir sözlə, qayğı uman bütün insanlara təmənnasız  tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlər göstərir.  
  Prorektor  Nizami Namazov onu da vurğuladı ki, dosent Sevda Tahirlini təkcə yazıçı deyil,  həm də M.Ə. Sabir ocağının, ruhunun davamçısıdır. Sevda xanımın son dövrlərin  aktual mövzusuna həsr  etdiyi “Qanımızın  səsi” kitabı bu gün Sumqayıt Dövlət Universitetində də öz oxucusunu tapacaqdır. 
  Qızıl Aypara  Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Sumqayıt Dövlət  Universitetində belə bir tədbirin keçirilməsinə şərait yaratdığına görə rektor  Elxan Hüseynova öz təşəkkürünü bildirdi. Vurğuladı ki,  Sevda Tahirlinin qələmə aldığı “Qanımızın  səsi” kitabının təqdimatı Qızıl Aypara Cəmiyyətinin 95- illik yubileyi  çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir.
        Təqdimatda fondun prezidenti Sevda  Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabı haqqında məlumat verdi. Bildirdi  ki, 2013-cü ildə çap olunmuş kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsin  marağına səbəb ola biləcək bir məsələyə - 4 fərqli qan qrupunun insanın  həyatındakı roluna - onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına və  eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə  bağlarına, hətta ana olma imkanlarına necə təsir etməsi kimi aktual bir  məsələyə həsr olunmuşdur.
Yaponiya kimi inkişaf  etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz  qan qrupuna görə seçilməsinə üstünlük verilməsi gündoğan ölkəsində bu məsələyə  çox ciddi münasibət bəslənilməsi kimi dəyərləndirilir. Belə bir mövqenin  əsassız olmadığını vurğulayan bəzi müşahidəçilərin qənaətinə görə qan qrupuyla  bağlı son dövrlərdəki araşdırmalardan sonra bu problemin yaxın gələcəkdə dünya  əhalisinin də geniş marağına səbəb olacağı fikrini söyləməyə əsas verir.
Mətbuat xidməti