Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycan milli ordusu - 100 ildə” mövzusunda elmi –praktiki konfrans öz işinə başladı
SDU-da “Azərbaycan milli ordusu - 100 ildə” mövzusunda elmi –praktiki konfrans öz işinə başladı
İyunun 25-də Sumqayıt Dövlət Universitetində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş   “Azərbaycan Milli Ordusu - 100 ildə”  mövzusunda elmi-praktiki konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan rektor professor Elxan Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının  100 illiyi  və 26 İyun- Silahlı Qüvvələr Günü münasibəti ilə xalqımızı təbrik etdi və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Milli Ordunun yaranması çox çətin, mürəkkəb və ziddiyyətli bir yol keçmişdir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Məhz ümummilli liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb fəaliyyətə başlamışdır. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması ovaxtkı SSRİ rəhbərliyini narahat edirdi. Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı və Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan verdi. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdur.
Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Belə ki, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında həkk olundu. Aprel hadisələri zamanı Silahlı Qüvvələrimizə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyev verdi.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Azərbaycan Milli ordusu 100 ildə”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın Milli Ordusunun qurucusudur”, Mühəndislik fakültəsinin tələbəsi Samirə İsmayılova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə  ordu quruculuğu”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Pərviz Cəfərov “Böyük qayıdışın başlanğıcı – Milli Ordumuzun aprel zəfəri” mövzularında məruzə ilə çıxış etdilər. Əminliklə vurğuladılar ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir.  Çünki Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi - psixoloji hazırlıq  cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 
Konfransın sonunda Azərbaycan Milli Ordusunun bu gününü əks etdirən sənədli filmin nümayiş olundu.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az