Martın 5-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində  "Sabahın alimləri" IV Respublika  müsabiqəsində 2-3-cü yerlərə layiq görülmüş şagirdlərlə  görüş keçirildi.
  Görüşü SDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, professor Ramazan  Məmmədov açaraq universitetin rektoru Elxan Hüseynovun adından, Sumqayıt şəhər  Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu, şagirdlərin təhsil aldıqları məktəblərin  direktorlarını və  qalib şagirdləri  salamladı,  onları universitetimizdə  görməyindən məmnunluğunu bildirdi. O çıxışında qeyd etdi ki,  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24  oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin  inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi Azərbaycanın təhsil sistemində  ən əhəmiyyətli hadisə kimi qəbul edilir, Azərbaycan təhsilinin yeni inkişaf  mərhələsinə qədəm qoymasının təzahürü kimi qiymətləndirilir. Strategiyada  ölkəmizin inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun  rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində hədəflər müəyyənləşdirilir.  Təhsil naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi ilə Dövlət  Strategiyasının Fəaliyyət Planında təhsilin bütün pillə və səviyyələri üzrə  gələcək tədbirlərin icrası ilə bağlı dəqiq və əhatəli işlər görülür, təhsil  sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və  kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir  idarəetmə modelinin tətbiqi və digər istiqamətlər üzrə islahatlar həyata keçirilir. 
  Ulu öndərin başladığı milli təhsil  quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun  prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam  etdirilir.
  Deyilənlərin bariz  nümunələrindən biri olaraq "Sabahın alimləri" IV Respublika müsabiqəsinin  keçirilməsini göstərmək olar. 
  Professor Ramazan Məmmədov "Sabahın  alimləri" IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin  yuxarı sinif şagirdlərində elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin  aşılanmasından ibarət olduğunu bildirdi.
  Sonra çıxış üçün söz Sumqayıt şəhər Təhsil şöbəsinin müdir əvəzi Vaqif  Ələkbərova verildi. Vaqif Ələkbərov "Sabahın alimləri" IV Respublika  müsabiqəsinin keçirilməsinə görə təhsil naziri cənab Mikayıl Cabbarova,  universitetin rektoru Elxan Hüseynova və şagirdlərin müsabiqəyə hazırlanmasında  zəhmət çəkmiş professor-müəllim heyətinə öz təşəkkütünü bildirdi. "Sabahın  alimləri" müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin  iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində  təşkil olunur. Bu müsabiqədə Sumqayıt şəhərinin TETG, TTEL, “Təfəkkür” və “İstedad”  liseyləri, 31, 21 və 9 saylı tam orta məktəblərin ümumi təhsil müəssisələrinin  IX-XI-ci siniflərdə təhsil alan 39 şagirdi, 19 layihə ilə iştirak edirdi. Müsabiqəyə təqdim olunan  bu layihələrdən 6-sı II və III yerlərə layiq görülmüşdür.
  Qalib gəlmiş  şagirdlər və onların elmi rəhbərləri universitet rəhbərliyi tərəfindən diplom,  pul mükafatı və hədiyyələrlə təltif  olundular.
  Sonda  qonaqlar universitetdə  yaradılmış müasir  satandartlara cavab verən laboratoriya və  auditoriyalarla tanış oldular, xatirə  şəkilləri çəkdirdilər.
Mətbuat xidməti