Martın 6-da Sumqayıt Dövlət Universitetində  8 mart - Beynəlxalq Qadınlar Günü  münasibətilə bayram tədbiri keçirildi.
  Universitetin Humanitar məsələlər  üzrə prorektoru dos, Nizami Namazov bütün qadınları bayram münasibətilə təbrik  etdi, onlara xoş arzularını çatdırdı, gələcək fəaliyyətlərində  uğurlar dilədi.
  Prorektor bildirdi ki,  Azərbaycan  qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz  xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin  daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil  yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub. Zəngin  tarixə malik olan Azərbaycan xalqı uzun əsrlərdən bəri neçə-neçə igid ərənləri  ilə fəxr etdiyi kimi, bu ərənləri dünyaya bəxş edən analarla da böyük şərəf  duymuşlar. Xalqımızın Tomrisi, Nüşabəsi, Natəvanı, Burlaxatunu, Həcəri və bunların  qəhrəmanlıq obrazında neçə-neçə igid qadınları olub. Bu qadınlar öz ağılları,  düşüncə tərzi, öyüd-nəsihətləri ilə xalqımızın ölüm-dirim mübarizəsində böyük qələbələrin  qazanılmasında şücaətlər göstərmişlər. Azərbaycan qadını qəlbinin saflığı, bir  elin, bir obanın, böyük bir məmləkətin qiymətli xəzinəsi kimi ad qazanıb.
  Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz  Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət  verərək demişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət  ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına,  biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya  qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz  qadınlarımızla fəxr edirik". ”Azərbaycan Respublikasında dövlət qadın  siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalaması bu qayğının bariz  nümunəsidir. Bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev qadınların  ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir. Azərbaycan qadını  artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə ən  yüksək vəzifələrdə çalışırlar.
  Fəxrlə deyə bilərik ki, ölkəmizin  birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın haqq-ədalət,  humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli  fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.
Bayram tədbiri SDU-nun “Səma” rəqs ansamblının, tələbələrin  və tanınmış müğənnilərin ifasında rəngarəng konsert proqramı ilə davam etdi.
Mətbuat xidməti