Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU – da Bilik günü təntənə ilə qeyd edildi
SDU – da Bilik günü təntənə ilə qeyd edildi
Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində Bilik Günü təntənə ilə qeyd edildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin rektoru professor Elxan Hüseynov  professor- müəllim, tələbə heyətini, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini 2018-2019-cu tədris ilinin başlanması münasibətilə və Azərbaycan xalqını Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyi münasibətilə təbrik etdi. Bildirdi ki, xalqımızın döyüşkənlik ruhu bu gün də yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır. Ordumuzun qüdrəti, Ali Baş Komandanın qətiyyəti, xalqımızın ordumuza və rəhbərinə sonsuz inam və sevgisi onu deməyə əsas verir ki,  tezliklə doğma Qarabağımız işğaldan azad olunacaq, əlamətdar günlərimizi orada qeyd edəcəyik.
Bilik Gününə həsr olunmuş tədbirdə rektor Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin elmə, təhsilə göstərdiyi böyük qayğı və diqqətdən söz açdı. Bildirdi ki, dünyada siyasi nüfuzu durmadan yüksələn, müntəzəm olaraq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi dünyəvi, tolerant Azərbaycanda təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Ölkəmizin sənaye şəhəri olan Sumqayıtın adını daşıyan universitetimiz fəaliyyətə başladığı gündən keçən müddət ərzində təhsilimizin, elmimizin tərəqqisinə daim öz töhfələrini vermiş, nəinki respublikamızın, o cümlədən də dünyanın bir sıra ölkələri üçün yüzlərlə alim və mütəxəssis hazırlamış, böyük zəhmət hesabına məsuliyyətli və şərəfli bir yol keçmişdir. Əldə olunan nailiyyətlər sübut edir ki, Sumqayıt Dövlət Universiteti hər zaman fəaliyyətinin təkamül dövrünü yaşayaraq kadr potensialının gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etmiş, illər keçdikcə mütəxəssis hazırlığının sayı artmış və məzunlarının hesabına Sumqayıt sənaye müəsissisələrində kadr problemləri tədricən həll olunmuşdur. Rektor onu da bildirdi ki, Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Bir qrup məzunlarımız yeni tədris ilindən laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayacaq.  Bu gün  Prezident cənab İlham Əliyevin apardığı gənclər siyasəti Sumqayıt Dövlət Universitetində davamlı olaraq uğurla həyata keçirilir.
Rektor tələbələrə səslənərək onlara bu uğurlarının davamlı olmasını dilədi: Sizin üçün bu gündən həyatınızın tam yeni mərhələsi, tələbəlik illəri başlayır. Hər birinizin üzərinə böyük məsuliyyət düşür. Tələbəlik illəri nə dərəcədə maraqlı, sevilən, emosional olsa da, bir o qədər məsuliyyətli, vacib illərdir. Bu yolda sizə uğurlar diləyirəm.
Sonra rektor qəbul zamanı yüksək bal toplamış tələbələrin bir qrupuna tələbə bileti və hədiyyələr təqdim etdi. 
Tədbirdə universitetin professoru, Əməkdar müəllim, Ağsaqqallar Şurasının sədri, Prizident təqaüdçüsü Həsən Sadıqov, Mühəndislik  fakültəsinin I kursuna yüksək balla qəbul olunmuş Seymur Talıbov, Tarix və coğrafiya fakültəsinin I kursuna qəbul olunmuş Aygün Səfərova, Kimya və biologiya fakültəsinin magistratura pilləsinə qəbul olunmuş magistrant Arzu Novruzova çıxış edərək   gənclərə göstərilən dövlət qayğısından danışdılar və tələbələrə uğurlar arzuladılar.
Tədbirdə təhsil aldıqları müddətdə universitetin elmi və ictimai həyatında fəallığı ilə seçilən Elşad Əliyev və Çinarə Quluzadə çıxış edərək rektor professor Elxan Hüseynovun əmri ilə işlə təmin olunduqlarına görə dərin təşəkkürlərini bildirdilər və öz fəaliyyətləri ilə doğma ali məktəbin adını həmişə uca tutacaqlarına söz verdilər.
Valideynlər adından Filologiya fakültəsinin I kursuna yüksək balla qəbul olunmuş Rəhilə Əhədovanın  atası Rəfail Əhədov çıxış edərək professor-muəllim və tələbə heyətini təbrik etdi, onlara muvəffəqiyyətlər arzu etdi. 
Tədbir universitetin marşı ilə başa çatdı. 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az