Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Türkmənistanın Azərbaycandakı səfiri SDU-da qonaq oldu
Türkmənistanın Azərbaycandakı səfiri SDU-da qonaq oldu

Martın 16- da  Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov arasında görüş keçirildi.
SDU-nun rektoru Elxan Hüseynov cənab səfiri universitetimizdə gördüyünə məmnun olduğunu bildirdi.
Görüşdə rektor Elxan Hüseynov ali məktəbin yaranma tarixi, tədris prosesi və beynəlxalq əlaqələri barədə məlumat verib, ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələrdən, ali təhsilin strateji istiqamətlərindən, dövlət proqramlarından danışdı. Sonra  Azərbaycan ilə Türkmənistan arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğuladı. Rektor ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirdi.
Rektor Elxan Hüseynov 2002-2010-cu illərdə Azərbaycan Respublikasının  Türkmənistanda  Fövqəladə və Səlahiyyətli  səfiri işlədiyi dövrdən, Ulu Öndər Heydər Əliyevin  Türkmənistan ilə siyasi, iqtisadi, mədəniyyət sahəsində əməkdaşlığa daim önəm verdiyini, bu gün bu siyasətin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Rektor  səfir olduğu müddətdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla dəfələrlə görüşdüyünü və Azərbaycana olan səmimi münasibətini xüsusi qeyd etdi.
Rektor təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd etdi.  Bildirdi ki, son bir ildə Sumqayıt Dövlət Universitetində Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır.   Bu gün qarşıda əlavə yeni ixtisasların açılması nəzərdə tutulub.Hazırda universitetimiz Avropa İttifaqının 4 TEMPUS layihəsində iştirak edir. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.
Səfir Toyli Komekov  Azərbaycan və Türkmənistan prezidentlərinin dostluğu və qardaş münasibətləri sayəsində ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etməsindən və dostluq əlaqələrinin yüksək səviyyədə olmasından danışdı. Onun sözlərinə görə, iki xalq arasında münasibətlər qədim ənənələrə malikdir. Səfir Türkmənistanın çoxəsrlik dostluq əlaqələrinin və xalqların mədəni-mənəvi ənənələrinin tarixi ümumiliyinin bağlandığı ən yaxın qonşularla, o cümlədən, Azərbaycanla səmərəli dialoqun qurulmasını Türkmənistanın yürütdüyü xarici siyasətin strateji vektorlarından biri olduğunu söylədi.  Təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edən səfir, SDU ilə Türkmənistan universitetləri arasında əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğuladı.
Səfir universitetin rektoru Elxan Hüseynova Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun diqqət və qayğısı sayəsində türkmən dilinə tərcümə olunmuş yazıçı Hüseynbala  Mirələmovun Ulu Öndər Heydər Əliyevə həsr olunmuş əsərini  təqdim etdi. Sonra səfir Toyli Komekov “Türkmənistanın xarici siyasəti və diplomatiyası” , “Canlı əfsanə” və başqa kitab və jurnalları hədiyyə etdi.
Səfir səmimi münasibətə görə rektor Elxan Hüseynova təşəkkür etdi və onu Türkmənistana dəvət etdi.
Rektor Elxan Hüseynov diplomatı universitetin Heydər Əliyev Mərkəzi ilə tanış etdi. Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu   Heydər Əliyevin qranitdən hazırlanmış barilyefi, ona aid kitablar və sənədlər qonağın marağına səbəb oldu.
Sonda qonağa universitetin plan –prospektini özündə əks etdirən gündəlik hədiyyə  olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az