Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU XII Azərbaycan Beynəlxalq Təhsil sərgisində təmsil olundu
SDU XII Azərbaycan Beynəlxalq Təhsil sərgisində təmsil olundu
Ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır, Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir. Müasir dünyada təhsil gündən-günə həlledici faktora çevrilir. Çünki məhz təhsilin inkişafı ölkənin dünyada nüfuzunun artması ilə birbaşa bağlıdır. Bu səbəbdən də elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq və tərəfdaşlığın inkişafı üçün böyük imkanlar prioritet məsələlərdəndir. Bütün bunlar Azərbaycan elminin və təhsilinin dünya elm-təhsil sisteminə inteqrasiyasını təmin edir. Prezident cənab İlham Əliyevin simasında regionun və dünyanın ən dinamik inkişaf edən dövləti kimi məntiqi davamını tapan inteqrasiya prosesləri ölkəmizin yüksəlişinə təkan verərək böyük perspektivlərə yol açır. Ölkəmiz istənilən beynəlxalq arenalarda elm, təhsil, iqtisadiyyat, mədəniyyət və digər sahələr üzrə öz sözünü deyir, nailiyyətlər əldə edir. Hər il olduğu kimi, bu il də oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı oldu.
Sərginin açılış mərasimində Təhsil naziri cənab Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Təhsil naziri cənab Ceyhun Bayramov vurğuladı ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdi. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirdi. Cənab Ceyhun Bayramov qeyd etdi ki, Prezident cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrinə aid istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edildi və layihələr həyata keçirildi. Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən Təhsil naziri diqqətə çatdırdı ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlardan 2090-ı müəllimlik ixtisasını seçib.
“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını dedi.
Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış etdilər, iştirakçılar sərgi ilə tanış oldular. Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olundu. Sərgidə iştirakçılara “Məktəbə hazırlıq”, “Olimpiadalara Hazırlıq Mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edildi.
Nazir cənab Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən Sumqayıt Dövlət Universitetinin Fizika və elekteoenergetika fakültəsinin hazırladığı “Elektrik aparatları” fənnindən laboratoriya stendi, Mühəndislik fakültəsinin “Universal stend” adlı labaratoriya qurğusu, Kimya və biologiya fakültəsinin Natrium Hipoxlorit alınması üçün “Universal elektroliz qurğusu”, eyni zamanda universitetin tədris və elmi fəaliyyətini özündə əks etdirən kitablar, bukletlər və materiallarla tanış oldu. Universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında ətraflı məlumat verildi. Nazir rektor professor Elxan Hüseynova Sumqayıt Dövlət Universitetinin təqdim etdiyi stend barədə müsbət fikir söylədi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti sərgidə uğurla təmsil olunub. Rektor professor Elxan Hüseynov son illər Təhsil Nazirliyi tərəfindən gerçəkləşən genişmiqyaslı layihələrin, təşkil olunan bu tipli sərgilərin ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğuladı. Azərbaycan elminin inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirdi.
Qeyd edək ki, üç gün davam edəcək XII Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.
 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az