Əsas səhifə | Xəbərlər | SDU-da “Biologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirildi
SDU-da “Biologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirildi
Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində “Biologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirildi.
Konfransda AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev və ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçıları salamladı, Azərbaycan elminə böyük töhfə verəcək konfransın işinə uğurlar dilədi.
Prorektor Ramazan Məmmədov ölkəmizdə biologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu elmin yeni inkişaf istiqamətlərindən bəhs etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanda biologiya elminin biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələrinin fundamental əsası məhz keçən əsrin 70-ci illərində qoyulmuşdur. Təbiətə, yaşıllığa, gözəlliyə insan sağlamlığının, fiziki və mənəvi saflığının təminatçısı kimi baxan ümummilli lider Heydər Əliyev daim onun mühafizəsinin qeydinə qalmışdır. Bütün bunlar göstərir ki, hələ ötən əsrin 70-ci illərindən Azərbaycan xalqı və dövləti üçün qurub-yaratmaq, onun gələcək müstəqilliyi üçün etibarlı zəmin formalaşdırmaq Ulu öndərin başlıca amalı olmuşdur. Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunmaqla onların aktuallığını əsaslandırmış, alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmişdir. Bütün bu tövsiyələr Azərbaycan elminin inkişafı məqsədinə hesablanmış fərman və sərəncamlarla müşayiət olunmuşdur. Prorektor onu da qeyd etdi ki, təbii ki, biologiya elminin formalaşmasında universitetimizin Kimya və biologiya fakültəsinin də böyük əməyi vardır. Çünki burada biologiya sahəsi üzrə təhsil alan tələbələrlə təcrübəli alimlər məşğul olur, mütəmadi olaraq tanınmış alimlər tələbələrimizlə görüşür, elmi fikir mübadiləsi aparır və konfranslar təşkil edilir. Bu gün ölkəmizdə elmi potensialın formalaşdırılması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu layihələr gerçəkləşir, gənclərin nurlu gələcəyinə yeni üfüqlər açılır. Konfransda AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktor müavini fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev “Azərbaycanda uzunömürlülük fenomeni: demoqrafik və tibbi-bioloji aspektləri”, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvü Pənah Muradov “Azərbaycanın mikobiotası: müasir vəziyyəti və problemləri”, SDU-nun Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Arzu Baxşalıyev “Bitki tullantılarının utilizasiyasında mikroorqanizmlərin rolu” mövzularında məruzə ilə çıxış etdilər və elmimizin nailiyyətlərinin təbliğində bu cür konfransların əhəmiyyətindən bəhs etdilər.
Konfrans işini “İnsan və heyvan fiziologiyası. “Bitki fiziologiyası”, “Biokimya, Biofizika. Molekulyar biologiya. Genetika”, “Zoologiya. Ekologiya. Torpaqşünaslıq”, “Botanika. Mikrobiologiya. Mikologiya”, “Biologiyanın tədrisi metodikası” mövzusunda bölmə iclasları ilə davam etdirdi. Məruzələr dinlənildi, müzakirələr aparıldı.
Konfrans oktyabrın 24-də başa çatacaq. Qeyd edək ki, konfransa 146 tezis daxil olmuş, konfrans materialları toplu şəkilində çap olunmuşdur.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az