Əsas səhifə | Xəbərlər | YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir
YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir
İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
 
İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Xalq da, dövlət də insan kimidir. Yaddaşı ilə yaşayır. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin tarixi yaddaşıdır. Müasir Azərbaycanın memarı kimi tarixə yazılan bu qüdrətli şəxsiyyət bu gün bütün dünyada Azərbaycan xalqının Ulu Öndəri olaraq qəbul edilir. Bu böyük şəxsiyyətin, qüdrətli dövlət xadiminin iradəsi, cəsarəti, əyilməzliyi, müdrikliyi ilə müstəqilliyə nail olundu. 20 Yanvar, Xocalı dəhşətlərinə, minlərlə insanın məcburi köçkünə çevriməsinə, torpaqlarımızın işğala məruz qalmasına baxmayaraq, ölkəmiz ayaqda qaldı. Bir xalq, millət, dövlət olaraq imtahanlardan keçdik. Hər bir azərbaycanlının varlığı ilə qürur duyduğu Azərbaycanda Vətənin dircəlişi, tərəqqisi adına nə varsa, ömrünün 50 ilindən çoxunu milli dövlətçilik tariximizə bağışlayan Ulu öndərin adı ilə bağlıdır. Ulu öndərin siyasi hakimiyyətinin Naxçıvan mərhələsi ilə bağlı milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli üç addım, üç müqəddəslik hər bir Azərbaycanlı üçün qiymətlidir: Azərbaycan Bayrağının dövlət rəmzi olaraq Naxçıvan Ali Məclisində qaldırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və Yeni Azərbaycan Partiyasının yaradılması. Xalqımızın birliyinə, bütövlüyünə hesablanan bu müdrik qərarlar çoxmillətli məmləkətimizi məhz bir bayraq altında, bir partiya – Yeni Azərbaycan Partiyasının ətrafında birləşdirdi. Bu gün səkkiz yüz minə yaxın vətəndaşımızın Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycan naminə əqidə, məslək birliyinə tapınması, siyasi həmrəyliyə gəlməsi, dünyaya səpələnən 50 milyona yaxın soydaşımızın Azərbaycanı doğma diyarı, Ana Vətəni kimi sevməsi məhz həmin müqəddəs amalla bağlıdır.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir. Partiyanın VI Qurultayı 3 il əvvəl – 2018-ci ildə keçirilmişdi. O zamandan bu günə qədər bir çox dəyişikliklər baş verib, yeni reallıqlar yaranıb. Ölkəmizdə parlament və prezident seçkiləri keçirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi. Bu həm də Yeni Azərbaycan Partiyasının növbəti qurultayını zəruri edən amillərdən oldu. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, partiyanın yeni Nizamnaməsinin təsdiqi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılması dediklərimizə əyani sübutdur. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr vermis dövlət xadimidir.
6 siyasi partiyanın YAP-a qoşulması isə ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi və nəticəsidir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin iradəsi əsasında həyata keçirilən islahatlar çərçivəsində siyasi dialoq prosesinə start verilib. Siyasi qüvvələr arasında etimad artıb, inteqrasiya prosesi sürətlənib. Bu isə öz növbəsində milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə olub. 44 günlük Vətən müharibəsində əksər siyasi partiyaların Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna qətiyyətli dəstək verməsi bu siyasi birliyin və milli həmrəyliyin bariz nümunəsidir.
Prezident qurultaydakı nitqində vurğuladı: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir məmləkətin, sülhü, sabitliyi, tolerant, multikultural, ümumbəşəri dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, qardaşlığına, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin – Odlar Yurdu Azərbaycanın hakim partiyasıdır. Onun başında hər bir azərbaycanlının Prezidenti, Müzəffər Ali Baş Komandan dayanır. Biz onunla BİRLİKDƏ GÜCLÜYÜK! O, xalqın arxasında dayandığı kimi, xalq da ona arxalanır, ona inanır, ona güvənir, ona etibar edir, etimad göstərir!
Yeni Azərbaycan Partyasının hər bir üzvünü VII Qrultayının uğurla başa çatması münasibətilə təbrik edir, daha böyük uğurlar, nailiyyətlər arzulayıram!
 
Elxan Hüseynov
Sumqayıt Dövlət Universitetinin rektoru, professor
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az