Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | HEYDƏR ƏLİYEVİN ŞUŞA ŞƏHƏRİNİN QARABAĞIN MƏRKƏZİ KİMİ QORUNMASINDA VƏ İNKİŞAF ETDİRİLMƏSİNDƏ TARİXİ ROLU
HEYDƏR ƏLİYEVİN ŞUŞA ŞƏHƏRİNİN QARABAĞIN MƏRKƏZİ KİMİ QORUNMASINDA VƏ İNKİŞAF ETDİRİLMƏSİNDƏ TARİXİ ROLU
2023-cü il Azərbaycan xalqının həyatında əlamətdər bir ildir və bütün dünya azərbaycanlıları Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyini qeyd edir. Heydər Əliyev dühası və zəkası Azərbaycan xalqının önündə bir mayak kimi işıq saçır. Heydər Əliyev dövlətçiliyimizin inkişafında tarixi izlər buraxmış və xidmətləri ilə yadda qalmışdır. Bu amillər nəzərə alınmaqla ölkə Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Qeyd edək ki, Heydər Əliyevin tarixi xidmətlərindən biri də Qarabağın sosial-iqtisadi inkişafının təmin edilməsi və xüsusilə Şuşa şəhərinin Qarabağın mərkəzi kimi inkişaf etdirilməsindəki rolu ilə bağlıdır. Son 100 il ərzində erməni işğalçıları xarici havadarlarının köməyi və fəal dəstəyi ilə Qarabağ torpaqlarını zaman-zaman işğal etmişlər. SSRİ-nin süqutundan sonra isə Qarabağ tamamilə işğal olunmuşdur. Məhz Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlətçilik atributlarını gücləndirmiş, milli ordu quruculuğunun əsasını qoymuş və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqda tarixi işlər görmüşdür. Heydər Əliyevin əsasını qoyduğu bu milli strategiya Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da təkmilləşdirilmiş və 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Böyük Qarabağ Zəfərində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmişdir. Hazırda prioritet fəaliyyət istiqamətləri sırasında Qarabağın bərpasının intensivləşdirilməsi, Şuşa şəhərinin iqtisadiyyat quruculuğunda daha yüksək texnologiya əsaslı xidmət sahələrinin formalaşdırılması ön plana çıxarılmışdır.
Qeyd edək ki, 1970-ci illərin ikinci yarısında Şuşa şəhərinin inkişafı baxımından Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü, tələbkarlığı və rəhbərliyi ilə bir sıra xüsusi qərarlar qəbul edilmiş və həmin qərarlara uyğun şəhərin tarixi abidələri, keçmişdə tikilmiş binaları bərpa edilmiş, iri mehmanxana kompleksləri, yeni yaşayış və ayrıca inzibati binalar tikilmişdir. Şuşanın statusunu yüksəltməklə, ümumittifaq əhəmiyyətli kurort şəhərinə çevrilməsinə nail olunmuşdur. Bu qərarların reallaşdırılmasının böyük tarixi əhəmiyyəti olmuşdur. Belə ki, Şuşada əlavə iş yerləri açıldı, həyat səviyyəsi yüksəldi, Azərbaycanlıların milli ruhu gücləndi. Şuşaya dincəlmək üçün SSRİ-nin müxtəlif yerlərindən gələnlər eyni vaxtda Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti ilə tanış ola bilirdilər.
Müasir dövrdə Şuşanın dirçəldilməsinin strateji əhəmiyyəti kifayət qədər böyükdür. Belə ki, Böyük Qarabağ Zəfərində məhz Şuşa şəhərinin işğaldan azad edilməsi həlledici rol oynamışdır. Dünyanın hərb dərsliklərinə düşmüş Şuşa Zəfər döyüşünün bir əfsanəyə çevrilməsi, Şuşa fatehlərinin misilsiz igidliyi və qəhrəmanlığı tarixlər boyunca yaşayacaqdır. Məhz bu səbəblərdən Şuşaya hazırda Qarabağda və ümumilikdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi proseslərində əsas mərkəz və istinad məbədi kimi baxılır və qiymətləndirilir. Şuşa dirçəldikcə və inkişaf etdikcə düşmənin gözdağı artır, bağrı çatlayır və beləliklə, Azərbaycan xalqının qəhrəmanlıq simvolu kimi Şuşa bütün dünya azərbaycanlılarını birləşdirən müqəddəs məkana çevrilir. Şuşa şəhərinin sosial-iqtisadi inkişaf prioritetləri artıq müəyyənləşdirilmişdir və hazırda şəhər geniş tikinti meydançasını xatırladır. Hər tərəfdə qədim abidələr, memarlıq nümunələri təmir edilir, sosial və xidmət infrastrukturu yaradılır, yaşayış binaları tikilir. Bir sözlə, Şuşa şəhərinin dirçəldilməsi prosesləri intensiv xarakter daşıyır.
Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsi və şəhərin sahəvi strukturunun formalaşdırılması, milli ornametlər, ənənəvi dəyərlər, məşğulluq sahələri və digər məsələlər nəzərə alınmaqla, burada iqtisadiyyat quruculuğunun təmin edilməsi strateji əhəmiyyət kəsb edir. Şuşa artıq türk dünyasının mədəniyyət mərkəzi kimi ildən-ilə özünün strateji mövqeyini artırmaqdadır. Eyni zamanda, bütün dünya azərbaycanlılarını birləşdirən, bir yerə toplayan dəyərli və qiymətli müqəddəs yer kimi statusa malikdir. Şuşa Cənubi Qafqazın incisi hesab olunur və Şuşa Azərbaycanın ən dəyərli bölgələrindən və qiymətli strateji əhəmiyyət kəsb edən mərkəzlərindən biridir.
Müasir dövrdə intensiv şəkildə aparılan quruculuq işləri əsas götürülməklə, əminliklə demək olar ki, Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsi, eyni zamanda həm də Qarabağın strateji inkişaf impulsları kimi dəyərləndirilə bilər.
 
ŞƏFA ƏLİYEV
   Sumqayıt Dövlət Universitetinin professoru,
iqtisad elmləri doktoru 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az