Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tarixi ədalət bərpa olundu
Tarixi ədalət bərpa olundu
2021-ci il martın 5-də ölkənin siyasi sisteminin formalaşdırılmasında əsas siyasi qüvvə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Respublika ictimayəti bu qurultayı böyük maraqla izlədi. Qurultayda Prezident İlham Əliyev geniş tarixi nitq söylədi. Ölkə rəhbəri Azərbaycanda yaranmış yeni reallığa əsaslanan çıxışında qeyd etdi ki, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edərək, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.
Məlum olduğu kimi, Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə Böyük dövlətlərin münaqişənin həlli istiqamətində heç bir əməli tədbir görməməsi və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu tərəfindən problemin hərbi yolla həllinə imkan verilməməsi müqabilində Azərbaycan bu illər ərzində ərazi bütövlüyü uğrunda mübarizədə son dərəcə səbir, qətiyyət və iradə nümayiş etdirmişdir.
Hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 4 qətnamə və qərarlarında yalnız kağız üzərində qalmasına baxmayaraq bütün çıxışlarında münaqişənin sülh yolu ilə həll olunması tərəfdarı olduğunu bildirən Ali Baş Komandan İlham Əliyev əgər zərurət yaranarsa hərb yolunun da istisna olunmadığını beynəlxalq tribunalardan dəfələrlə, həm də qətiyyətlə səsləndirmişdir. Əminliklə səsləndirilmiş bu fikrin arxasında 17 illik prezidentliyi dövründə onun rəhbərliyi altında peşəkarlıqla həyata keçirilmiş məqsədyönlü ordu quruculuğu siyasəti dayanırdı. Belə ki, bu siyasətin nəticəsində beynəlxalq standartlara cavab verən güclü və mütəşəkkil Azərbaycan Ordusu yaradılmış, müasir silahlar və döyüş texnikaları ilə silahlandırılaraq NATO nümunəsində ordu quruculuğu həyata keçirilmişdi. Təsadüfi deyil ki, son bir neçə ilin statistikasına əsasən, ordumuzun invertarında olan müasir silahlara görə, dünyada ilk yerlərdə qərar tutur.
2020-ci il 12 iyul və 27 avqust tarixlərində Ermənistanın regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycanın strateji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə hərbi təxribat törətməsi və nəhayət sentyabrın 27-də Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatın həyata keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin düşmənin geri otuzdurulması istiqamətində hərbi əməliyyatlara başlaması üçün zəmin yaratmışdı.
Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi dövründə keçirilmiş uğurlu hərbi əməliyyatların gedişi göstərdi ki, hələ müharibənin ilk günlərindən Azərbaycan Ordusu torpaqlarımızı tam gücü ilə azad etmək əzmində olmuş, “Ali Baş Komandanın bircə əmrinə müntəzirik” – deyən əsgər və zabitlərimiz isə öz sözlərinin sahibi olduqlarını döyüşdə sübut etdilər. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı – İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi adlandırılmaqla dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklər edilməsinə səbəb oldu.
Müharibə dövründə bütün dünya dövlət, xalq və ordu birliyinin şahidi olmaqla dövlət rəhbəri, Ali Baş Komandan İlham Əliyevə sönsuz inam və güvənin sarsılmaz olduğuna bir daha əmin oldu.
Təsadüfi deyil ki, Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə dövründə çoxsaylı müsahibələrinin birində hakimiyyətdə olduğu dövrdə xalqla iqtidarın birliyinin təmin olunmasına; Qarabağ probleminin tarixi və hüquqi aspektlərinin dünya ictimaiyyətinə çatdırılmasına; ölkədə güclü iqtisadiyyatın yaradılmasına və ordu quruculuğunun prioritet sahə kimi daim diqqət mərkəzində olmasına nail olunduğunu diqqətə çatdırmışdı.
44 günlük müharibədə dünyanın ən aparıcı media subyektlərinin nümayəndələrinə müsahibələrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin milli iradəyə əsaslanan müstəqil qərar qəbul etmək bacarığını bir daha nümayiş etdirməsi, cəsarətə və siyasi uzaqgörənliklə müsahiblərini faktlar qarşısında qoyaraq sonda onları reallığı qəbul etməyə vadar etməsi hərb meydanında olduğu kimi diplomatiyada da xalqımıza tarixi Qələbə Zəfəri qazandırmış oldu.
Prezident İlham Əliyevin xarici dövlətlərə və beynəlxalq təşkilatlara ünvanladığı “Mən özüm bilirəm nəyi, necə və nə vaxt etmək lazımdır” tezisi isə müharibənin gedişi dövründə uğurlu hərbi əməliyyatlarda özünü doğrultdu və “Ermənistan ordusunun məğlubedilməzliyi” əfsanəsi darmadağın edildi. Beləliklə də, Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkə rəhbəri Prezident İlham Əliyev Azərbaycan ordusunun bu qələbəsini “çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır” kimi qiymətləndirərək, Azərbaycan xalqına qarşı ədalətsizliyin müharibədə, hərb meydanında, şəhidlər verərək dövlətimizin aradan qaldırdığını və tarixi ədalətin bərpa olunduğunu bildirdi.
 
 
Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi
Nofəl Mahmud oğlu Abdullayev

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az