Humanizm və Dövlətçilik: Konstitusiya və Suverenlik ili fonunda Amnistiya Siyasəti
Müasir Azərbaycan dövlətinin bünövrəsi Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qoyulmuşdur. 1990-cı illərin əvvəllərində dövlətçilik böhranı yaşayan Azərbaycan məhz onun qətiyyətli siyasi iradəsi sayəsində dağılmaq təhlükəsindən xilas olmuş, hüquqi və institusional baxımdan möhkəmlənmişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası bu möhkəmlənmənin hüquqi ifadəsi olmuşdur. Konstitusiya Azərbaycan dövlətini hüquqi, dünyəvi və demokratik dövlət kimi təsbit etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminini dövlət fəaliyyətinin ali məqsədi kimi müəyyən etmişdir. Bu sənəd dövlət-vətəndaş münasibətlərində hüququn üstünlüyünü, ədalət prinsipini və sosial məsuliyyəti əsas meyar kimi önə çəkmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın müddəaları yalnız kağız üzərində qalmamış, real siyasi və hüquqi məzmun kəsb etmişdir. Dövlət suverenliyinin tam bərpa olunması, separatizmin aradan qaldırılması və konstitusion quruluşun bütün ərazilərdə təmin edilməsi Azərbaycan Konstitusiyasının tarixi missiyasının tam həyata keçirildiyini göstərir. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilməsi müstəqil dövlətçilik tariximizin yalnız növbəti mərhələsi deyil, eyni zamanda uzunmüddətli siyasi mübarizənin, hüquqi quruculuğun və milli iradənin məntiqi nəticəsidir. Bu qərar Azərbaycan dövlətinin suverenliyinin tam təmin olunmasının, ərazi bütövlüyünün bərpa edilməsinin və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində real şəkildə tətbiq edilməsinin rəsmi və ideoloji təsdiqidir. “Konstitusiya və Suverenlik ili” anlayışı təkcə hüquqi termin deyil, müasir Azərbaycan dövlətçiliyinin fəlsəfəsini əks etdirən siyasi konsepsiyadır. Bu konsepsiya göstərir ki, Azərbaycan dövləti artıq öz mövcudluğunu sübut etməyə deyil, əldə etdiyi tarixi nailiyyətləri möhkəmləndirməyə və onları gələcək nəsillərə ötürməyə yönəlmiş inkişaf mərhələsindədir. Məhz belə bir tarixi-siyasi şəraitdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü güclü dövlət anlayışının yalnız hərbi, siyasi və iqtisadi göstəricilərlə deyil, həm də humanizm, mərhəmət və sosial məsuliyyət meyarları ilə ölçüldüyünü nümayiş etdirir. Bu təşəbbüs bir daha sübut edir ki, Azərbaycan dövləti öz gücünə arxayındır və humanist addımlar atmaq üçün kifayət qədər möhkəm siyasi və hüquqi dayaqlara malikdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yalnız hərbi uğur deyil, beynəlxalq hüquq və konstitusion prinsip baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu proses nəticəsində Azərbaycan dövləti öz hüquqi səlahiyyətlərini ölkənin bütün ərazilərində bərpa etmiş, Konstitusiyanın aliliyini təmin etmişdir. Bu reallıq onu göstərir ki, Azərbaycan artıq güclü və sabit dövlət kimi humanist təşəbbüslər irəli sürmək imkanına malikdir. Tarix göstərir ki, güclü dövlətlər mərhəmətlə yadda qalır. Prezident İlham Əliyevin Konstitusiya və Suverenlik İli çərçivəsində amnistiya təşəbbüsü də məhz bu siyasi yetkinliyin göstəricisidir. Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını insan amili təşkil edir. Sosial rifahın yüksəldilməsi, əhalinin həssas təbəqələrinin müdafiəsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətləridir. Bu yanaşma cinayət-hüquq sahəsində də öz aydın ifadəsini tapır. Cinayət siyasətində humanist prinsiplərin tətbiqi onu göstərir ki, Azərbaycan dövləti cəzanı intiqam vasitəsi kimi deyil, sosial ədalətin və ictimai nizamın təmin olunması mexanizmi kimi qəbul edir. Amnistiya və əfv institutları bu siyasətin mühüm tərkib hissəsidir və cəmiyyətin sağlamlaşmasına xidmət edir. Amnistiya aktı təkcə hüquqi sənəd deyil, eyni zamanda güclü siyasi və mənəvi mesajdır. Bu mesaj dövlətin öz vətəndaşına etimadını, onun islah olunacağına inamını ifadə edir. Dövlət cəza siyasətində sərtliklə yanaşı mərhəməti də qoruyaraq sosial balans yaradır. 2025-ci ilin sonunadək elan ediləcək amnistiya xüsusilə simvolik xarakter daşıyır. Bu tarix Konstitusiya və Suverenlik İli ilə səsləşərək dövlətçilik tariximizin yeni mərhələsinin humanist mahiyyətini ön plana çıxarır. Amnistiya aktının layihəsi sosial ədalət prinsipinə əsaslanır. Layihəyə əsasən, Vətən müharibəsində və 2023-cü ilin sentyabr antiterror tədbirlərində iştirak etmiş şəxslər, şəhid və itkin düşmüş şəxslərin yaxınları, müharibə nəticəsində sağlamlığını itirmiş mülki şəxslər xüsusi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, qadınlar, yaşlılar, yetkinlik yaşına çatmayanlar və ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin amnistiya ilə əhatə olunması dövlətin sosial məsuliyyətinin göstəricisidir. Bu yanaşma cəmiyyətin humanist dəyərlər üzərində formalaşmasına xidmət edir. Proqnozlara görə, amnistiya aktı 20 mindən artıq şəxsi əhatə edəcək. Bu rəqəm müstəqil Azərbaycan tarixində amnistiya institutunun ən geniş tətbiqlərindən biri olacaq. Minlərlə insan azadlığa qovuşacaq, cəzası yüngülləşdiriləcək və ya cinayət məsuliyyətindən azad ediləcək. Bu statistika dövlətin gücünü deyil, onun mərhəmətinin miqyasını göstərir. Ümummilli Lider Heydər Əliyev bu ənənənin əsasını qoymuş, Prezident İlham Əliyev isə onu yeni tarixi mərhələdə daha da inkişaf etdirmişdir. Bu siyasət minlərlə insanın cəmiyyətə qayıdışına, ailələrin bərpasına və sosial stabilliyin möhkəmlənməsinə xidmət etmişdir. Konstitusiya və Suverenlik İli çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin siyasi yetkinliyinin, hüquqi gücünün və mənəvi üstünlüyünün açıq təzahürüdür. Bu təşəbbüs sübut edir ki, Azərbaycan dövləti artıq tarix qarşısında öz mövcudluğunu sübut etmiş, indi isə humanist dövlət modeli ilə nümunə göstərir. Bu gün Azərbaycan güclü ordusu, möhkəm iqtisadiyyatı, qətiyyətli siyasi iradəsi və insan mərkəzli dövlət siyasəti ilə tarixinin ən qüdrətli mərhələsini yaşayır. Konstitusiyaya söykənən, suverenliyini qoruyan və mərhəməti dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevirən Azərbaycan modeli göstərir ki, əsl güc sərtlikdə deyil, ədalət və humanizmdədir. Tarixin bu anında Azərbaycan sübut edir ki, əsl güc Konstitusiyaya söykənən suverenliyin, ədalətə əsaslanan mərhəmətin və insana verilən dəyərin vəhdətindədir!
Aysel Şamilova
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi
