Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bu qələbə yumruğu, bu haqqın yumruğudur...
Bu qələbə yumruğu, bu haqqın yumruğudur...
Yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı xalqımızın bütün təbəqələri arasında böyük ruh yüksəkliyi ilə qarşılandı. Çünki bu partiya Azərbaycan xalqının doğma partiyasıdır, ən demokratik prinsiplər və ənənələr əsasında ölkəmizdə gedən ictimai-siyasi proseslərdə fəal iştirak edir, dövlətimizin müstəqilliyi naminə qəti addımlar atır, beynəlxalq arenada yüksək nüfuzu və fəaliyyəti ilə tanınır.
Qurultayda möhtərəm prezidentimiz İlham Əliyevin giriş və yekun nitqi bu fikirləri bir daha təsdiqlədi. Cənab prezident partiyanın VI qurultayı ilə VII qurultayı arasında keçən üç il ərzində respublikamızda baş verən ən mühüm hadisələrə xüsusi diqqət yetirərək qeyd etdi ki, Azərbaycan ordusu erməni işğalından torpaqlarımızı yüksək rəşadət və hünərlə azad etdi, 44 günlük bu müharibədə xalqımız yumruq kimi birləşdi. Ölkə başçısının “Biz bu tarixi missiyanı yerinə yetirdik” – sözləri xalqımızın milli birliyinin təntənəsini, böyük qələbənin əzəmət və qüdrətini nümayiş etdirir. Cənab Prezident giriş nitqində bir neçə məsələni ön plana çəkmişdir: a) Azərbaycan yeni reallıqlar yaradan ölkədir; b) bu reallıqların yaranmasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, onun dövlətçilik ənənələrinin böyük rolu və əhəmiyyəti vardır; c) o dövrdə yalnız öz maraqlarını güdən AXC-Müsavat cütlüyünün xəyanətkar mövqeyi xalqı və dövləti çıxılmaz vəziyyətə salmışdır; d) Son 17 il ərzində yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxmağa müvəffəq olmuşdur; e) Qarabağ məsələsi ümummilli məsələ kimi daim dövlət siyasətinin mərkəzində olacaqdır.
YAP-ın üzvü və bir ziyalı kimi qətiyyətlə deyə bilərəm ki, möhtərəm prezidentimizin müəyyənləşdirdiyi bu taleyüklü məsələlər məni də dərindən düşündürür və cənab İlham Əliyevi bütün varlığımla dəstəkləyirəm.
Ölkə başçısı yekun nitqində qurultayın keçirilməsini respublikamızın həyatında mühüm hadisə kimi qiymətləndirdi. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə göstərilən qayğını, qazilərimizin zəruri müalicə vasitələri ilə təmin olunmasını cənab İ.Əliyev xüsusi vurğulayaraq dedi: “Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməlidirlər”.
Prezident İ.Əliyev “Böyük Qayıdış” proqramı ilə əlaqədar problemlərdən danışarkən qeyd etdi ki, YAP üzvləri, fəallar bu istiqamətdə ön planda olmalıdırlar. Cənab Prezident gənc nəslin təlim-tərbiyəsində ali məktəblərin də əhəmiyyətli rolundan danışdı. O qeyd etdi ki, gənc nəsil elə tərbiyə olunmalıdır ki, ölkəmizin müstəqilliyi hər şeydən üstün tutulsun, gənclər gələcək həyata vətənpərvər və yüksək intellekt sahibləri kimi qədəm qoysunlar. Şübhəsiz ki, SDU-nun əməkdaşları, o cümlədən bir pedaqoq kimi mənim də çiyinlərimə çox məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri dönmədən həyata keçirmək müqəddəs borcumuzdur.
Bu il müstəqilliyimizin 30 ili tamam olur. Bu böyük bayramı biz yüksək qürur hissi ilə qarşılayırıq. Azərbaycanda yaşayan bütün xalqlar multikultural ənənələri uca tutaraq milli müstəqilliyimizi qorumaq, torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək uğrunda yumruq kimi birləşdi. Bu yumruq “güc, iradə və birlik” hesabına bölgədə yeni bir reallıq yaratdı. Bu reallığın, cənab İlham Əliyevin qurultayda çıxışının qəlbimdə oyatdığı təəssüratı aşağıdakı misralarla ifadə etmək istəyirəm:
 
Bu qələbə yumruğu, bu haqqın yumruğudur,
İrəvanı titrədib zəlzələ qoparacaq.
Bu yumruq Savalandır, Qoşqar, Murov, Ağrıdır,
Bu xalqı neçə-neçə Zəfərə aparacaq.
 
Avtandil Məmmədov,
Sumqayıt Dövlət Universitetinin
Azərbaycan və xarici ölkələr kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az