Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şuşa Bəyannaməsi
Şuşa Bəyannaməsi
Hər bir xalqın tarixində çox əlamətdar günlər olur. Azərbaycan xalqının tarixində də belə günlər var. Sonuncu belə əlamətdar günü 2020-ci ilin 8 noyabrında yaşadıq. Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandıq. Bir qədər də əvvələ qayıdında, şübhəsiz ki, 1993-cü ilin 15 iyun tarixini xatırlayırıq. Həmin gün tariximizə Qurtuluş Günü olaraq ən əlamətdar günlərdən biri kimi həkk olunmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışı Vətənimizi böyük bəlalardan: parçalanmaqdan, məhv olmaqdan xilas etmiş oldu. Azərbaycanımızın böyük uğurlarının təməli bu tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş oldu. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin iradəsi, qətiyyəti ilə 15 iyun tarixi ikinci dəfə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış oldu. Məhz 2021-ci ilin 15 iyun günü iki qardaş dövlət – Türkiyə və Azərbaycan, iki qardaş prezident – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalandı. Həm də bu tarix ona görə əlamətdar idi ki, 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsinin 100-cü ilinə təsadüf edirdi.
Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə ölkə Prezidenti xarici dövlətin başçısını Qarabağda qarşıladı. Cənab Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edilmiş Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Bu tarixi bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan–Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə onlar bir-birini qoruyacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi.
Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan–Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır.
Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamət siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Bəyannamədə Azərbaycan–Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.
Bu sadəcə Şuşa bəyannaməsi deyil, sözün əsl mənasında, Şuşa müttəfiqlik bəyannaməsidir. İki qardaş dövlət 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək bəyannaməyə imza atdı. Bu bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Şuşa müttəfiqlik bəyannaməsi Azərbaycan və Türkiyə dövlətlərinin qarşıdakı uzun bir zaman üçun böyük uğurlarının möhkəm təməli olacaqdır.

Cavid Məmiyev
Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin
Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az